Gələn ay Bakı və Gəncə şəhərlərində medikal turizm konfransı keçiriləcək
Sentyabrın 20-dən 24-dək Türkiyənin Dənizli vilayətinin Pamukkale şəhərində II Beynəlxalq termal sağlamlıq turizmi sammiti keçirilib. Türkiyə İqtisadiyyat Nazirliyinin dəstəyi, Türkiyə Sağlamlıq Turizmi Birliyinin (THTC) təşkilatçılığı, Dənizli Valiliyi və Pamukkale Bələdiyyəsinin ev sahibliyi ilə gerçəkləşən sammitdə 52 ölkədən 260 nümayəndə, eləcə də Türkiyənin 250-dək sağlamlıq turizmi təsisatı iştirak edib.
Tədbirdə ölkəmiz də nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası idarə heyətinin üzvləri sammitdə respublikamızın bu sahədə turistik imkanlarını nümayiş etdiriblər.
Tədbirdən əvvəl Pamukkale bələdiyyə başqanının dəstəyi ilə 52 ölkədən 300 nəfərin iştirakı ilə velosiped turu gerçəkləşdirilib.
Zirvə toplantısında termal turizmin müasir inkişaf meylləri, yeni trendlər, ölkələrarası əməkdaşlıq və gələcək planlar müzakirə olunub. Sonra tədbir B2B formatlı görüşlərlə davam etdirilib.
Azərbaycan heyəti də proqrama uyğun olaraq, ölkəmizin sağlıq turizmi potensialı, mövcud təsisatlar, bu sahədə görülən işlər barədə iştirakçıları məlumatlandırıblar.
Tədbirin son günü iştirakçılar üçün Dənizlidə və Pamukkaledə mövcud olan termal və medikal təsislərə infotur təşkil olunub. Türkiyə Sağlamlıq Turizmi Birliyinin təşəbbüsü ilə bu ilin oktyabr ayında Bakı və Gəncə şəhərlərində medikal turizm konfransı və B2B toplantılarının keçirilməsi qərara alınıb.