İspaniyanın səyahət portalında ölkəmiz haqqında məqalə dərc olunub
İspaniyanın “Express.info” səyahət portalı ölkəmizin turizm imkanlarından bəhs edən “Turizm Azərbaycan üçün vacib biznesdir” başlıqlı məqalə dərc edib.
Məqalədə Azərbaycanda son iki ildə sürətlə inkişaf edən turizm sektoru və mövcud imkanlardan söhbət açılır. Bildirilir ki, ölkədə bu sahəni daha da inkişaf etdirmək üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər həyata keçirilir.
Vurğulanır ki, hazırda ölkəyə böyük turist axını var. Turistləri əsasən təbii landşaft, dini tolerantlıq, maraqlı şəhərlər, dadlı və zəngin mətbəx, ekoloji təmiz meyvə-tərəvəz, yüksək zövqlə hazırlanmış suvenirlər və ən əsası ölkədəki stabillik və təhlükəsizlik cəlb edir.
Məqalədə qeyd olunur ki, ölkənin əlaqədar biznes dairələri hazırda Uzaq Şərqi Asiyadan turistlərin cəlb olunmasında maraqlıdır. Belə ki, bu məqsədlə bu yaxınlarda bir qrup Çin blogeri Azərbaycana dəvət olunub. Həmçinin İsraildən də səyahətçilərin ölkəyə marağının artırılması istiqamətində iş aparılır.
Yazıda bildirilir ki, 2017-ci ildə Azərbaycan Rusiya birinci olmaqla əsasən Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Qazaxıstan, Oman, Özbəkistan, Küveyt və digər ölkələrdən turist qəbul edib.