Sentyabrın 28-də işə başlayan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ilk günün tədbirlərindən biri də Rusiya Naşirlər Assosiasiyasının (“ASKİ”) təşəbbüsü ilə MDB ölkələri nəşriyyat rəhbərlərinin toplantısı oldu. İştirakçılar sayca çox olmasalar da, ölkələrimiz arasında kitab mübadiləsində qarşılaşdıqları problemlərdən danışdılar, çıxış yolları aradılar.
Toplantıdan sonra Rusiya Naşirlər Assosiasiyasının vitse-prezidenti Oleq Filimonovdan görüş barədə fikirlərini soruşduq. O dedi:
- İlkin müzakirələrdə anladıq ki, bizim bir-birimizə marağımız qarşılıqlıdır. Azərbaycan naşirləri ilə əməkdaşlığı genişləndirməyə ehtiyac var. Mən assosiasiyanın stendində Rusiyanın 14 nəşriyyatının məhsullarını təqdim edirəm. Bu rəqəm artıq təkcə Azərbaycan naşirləri ilə deyil, həm də kitab yayıcıları ilə qarşılıqlı münasibətlərin genişlənməsinə ehtiyacın olması deməkdir. Çox ümid edirəm ki, bizim bu sərgi-yarmarkada iştirakımız gələcək əməkdaşlıqlara stimul verəcək.
- Bundan ötrü hansı addımları atmaq lazımdır?
- Qarşılıqlı olaraq davamlı informasiya mübadiləsi aparmalıyıq. Biz kitab nəşrinin, təbliğatının, yayımının, mütaliəsinin hansı səviyyədə olduğunu dəqiq bilməliyik. Hər necə olsa, hamımız MDB məkanında yaşayırıq, ümumi bazarlarımız da var. Amma təəssüf ki, kitab satışı ilə bağlı belə bir bazar yoxdur. Halbuki kitab da nəşriyyatın məhsuludur, o da digər məhsullar kimi satılmalıdır. Üstəlik, Rusiyada böyük Azərbaycan diasporu var, Azərbaycanda da xeyli rus yaşayır. Deməli, bu insanların ana dilində kitabı yaşadığı şəhərdə almaq ehtiyacını təmin etmək lazımdır. Moskvada, Sankt-Peterburqda, ya da Rusiyanın digər şəhərində Azərbaycan dilində kitabların satışının təmin edilməsi lazımdır. Lakin bütün bunlar barədə razılığa gəlmək, potensial oxucu sayını və onların mütaliə ehtiyacını öyrənmək lazımdır.
- Bu niyyəti gerçəkləşdirmək üçün nə qədər vaxt lazımdır?
- Biz belə fikrə gəldik ki, gələn il baş tutacaq növbəti görüşümüzədək bütün detallara aydınlıq gətirə biləcəyik. Bakıda beynəlxalq kitab sərgisi iki ildən bir keçirilir, Moskvada hər il belə sərgi-yarmarka baş tutur. Üstəlik, digər şəhərlərdə də belə sərgilər keçirilir. Məsələn, elə ötən həftə Mahaçqalada 6-cı dəfə «Tarki-Tau» beynəlxalq kitab sərgi-yarmarkasında iştirak etmişik. Bu tədbir Rusiyanın cənubunda ən böyük kitab yarmarkası sayılır. Azərbaycan naşirləri də bizim dəvətimizlə həmin sərgiyə gəlmişdilər.
- Oleq Vasilyeviç, Azərbaycanda qeyri-ruslar da, yəni yerli əhalinin böyük bir qismi rus dilini bilir və rus dilində mütaliəyə ehtiyac duyur. Lakin Bakıda Rusiyadan gətirilən kitablar çox baha satılır. Bu məsələni necə nizamlamaq olar?
- Siz çox ciddi məsələyə toxunursunuz. Əcnəbi dildə kitab almaq ailə büdcəsinə zərbə vurmamalıdır. Əgər Rusiya və Azərbaycan naşirləri qarşılıqlı razılığa gələrlərsə, növbəti mərhələdə artıq kitab tacirləri prosesə qoşulmalıdır. O zaman konkret nəticələrdən danışmaq olar. Bəli, bu gün kitab ticarəti ilə kitabdan, nəşriyyatdan uzaq sahibkarlar məşğul olurlar.
G.Mirməmməd