Sentyabrın 29-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Bakı Prosesi”nin və Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının akademik məsləhətçisi Mayk Hardiyə ATMU-nun fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirildi.
   ATMU-nun rektoru İlham Mədətov çıxış edərək universitetin elmi şurasının qərarını diqqətə çatdırdı. Bildirdi ki, “Bakı Prosesi”nin və paytaxtımızda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun işinə verdiyi töhfələrə görə Mayk Hardi ATMU-nun fəxri doktoru seçilib.
   Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Mayk Hardini ATMU-nun fəxri doktoru adına layiq görülməsi münasibətilə təbrik etdi. Nazir ölkəmizin dünyada mədəniyyətlərarası dialoqun və multikulturalizmin təşviqi sahəsində mühüm rolundan danışdı: “Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsidir”.
   Nazir diqqətə çatdırdı ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. “Bakı Prosesi” çərçivəsində 2011, 2013, 2015 və 2017-ci illərdə dörd dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. 
   Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycan Respublikası mühüm qlobal təşəbbüs olan “Bakı Prosesi”nin və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun ev sahibi və təşkilatçısıdır: “Ölkəmiz uzun illərdir ki, dinlərarası dözümsüzlüyün gücləndiyi dünyada mədəniyyətlərarası dialoqu təşviq edir, multikulturalizm siyasətini uğurla həyata keçirir. Bu prosesdə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də təşkilatçı ölkə olan Azərbaycana dəstək olurlar. Xarici ekspertlər arasında professor Mayk Hardinin rolunu xüsusilə qeyd etmək lazımdır”.
   Bildirildi ki, Mayk Hardi 2012-ci ildən bəri “Bakı Prosesi”nin və Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının akademik məsləhətçisidir. O, 2013, 2015 və 2017-ci illərdə Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının konseptual sənədlərinin hazırlanmasında və Forumun beynəlxalq işçi qrupunun üzvü kimi UNESCO və BMT-nin baş qərargahlarında keçirilmiş təqdimatlarında əsas çıxışçı kimi iştirak edib. Alim “Bakı Posesi”nə və ölkəmizin mədəniyyətlərarası dialoq siyasətinə dair beynəlxalq mətbuatda dəfələrlə yazılar dərc etdirib. Hazırda Mayk Hardi geniş beynəlxalq akademik ictimaiyyət, siyasət və hökumət təmsilçiləri üçün “Bakı Prosesi”nin 10 illiyinə həsr olunmuş kitab üzərində işləyir.
   Daha sonra Maykl Hardiyə ATMU-nun fəxri doktoru diplomu təqdim olundu.
   Mayk Hardi çıxış edərək Azərbaycanın dünyada multikulturalizmə verdiyi dəyərli töhfələrdən danışdı, ölkəmizdə bu sahədə atılan addımları yüksək qiymətləndirdi. Ona ATMU-nun fəxri doktoru adının verilməsindən qürurlandığını deyən qonaq göstərilən yüksək etimada görə öz təşəkkürünü bildirdi.
   Qeyd edək ki, professor Mayk Hardi 2014-cü ildən İngiltərənin Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktorudur. Britaniya Şurasının mədəniyyətlərarası dialoq, gənclərin məşğuliyyəti və qlobal strateji əməkdaşlıq üzrə Qlobal Proqramının məsul rəhbəri, Lids Metropolitan Universitetində İqtisadiyyat və sosial siyasət kafedrasının rəhbəri və Mərkəzi Lankaşir Universitetində beynəlxalq biznes professoru olub. 
   Professor M.Hardi ATMU-nun tələbələrinə “Mədəniyyətlərarası dialoq diplomatiyası” mövzusunda mühazirə oxuyub.
   
   Fariz