Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və bu ölkənin Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xalqların mədəniyyət və kulinariya festivalı” keçirilib. Festivalda Azərbaycan, Çin, Rusiya, Qazaxıstan, Hindistan, Koreya, Gürcüstan, Pakistan, Ukrayna, Qırğızıstan və s. ölkələr öz guşələrini təqdim ediblər.
Ölkəmizin səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən qurulan Azərbaycan guşəsi iştirakçıların böyük marağına səbəb olub. Guşədə milli mədəniyyətimizi, mətbəximizi özündə əks etdirən "Azərbaycanın mədəni irsi" (özbək dilində) kitabı təqdim olunub və iştirakçılara paylanılıb.
İştirakçılar Azərbaycan milli mətbəxinə aid balıq ləvəngisi, çığırtma, kükü, lavaş və başqa yeməklərə qonaq ediliblər. Yeməklər festivalın münsiflər heyəti və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, bu il festivalın əsas devizi ölkələrin stendində hazırlanan ən yaxşı balıq yeməyi və milli mədəniyyəti özündə əks etdirən stendin hazırlanması olub.
Ölkəmizin stendi festivalda ikinci yeri tutub. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan balıq ləvəngisi festivalın xüsusi mükafatı ilə təltif edilib.