Stendlərin birinin qarşısında ucaboylu nurani simalı bir xanım dayanıb. Ona yaxınlaşan gənclərlə söhbət edir. Uzaqdan belə hiss olunur ki, xanım ingilis dilində sadə və qısa cümlələrlə fikrini çatdırır, arada Azərbaycan dilində «başa düşdün?» soruşub, gənclərin düşünərək (yəni fikrini tərcümə edərək) ləng söylədiklərini diqqətlə dinləyib suallarını cavablandırır.
Bu xanım təxminən on il əvvəl ölkəmizə gəlmiş, Bakıda, Gəncədə dərs demiş Reynhild Toridir. Özü Norveç vətəndaşıdır, Azərbaycanda ingilis dilini tədris edib, Gəncədə ingilisdilli beynəlxalq məktəbə rəhbərlik edib. Sərgidə Nizami Gəncəvinin «Leyli və Məcnun» poemasının uşaqlar üçün uyğunlaşdırılmış, üç dildə nəşr olunan kitabı ilə iştirak edir. Yeri gəlmişkən, xanım Tori bu əməyinə görə «Humay» mükafatına layiq görülüb.
- Gəncədə üç il yaşamışam. Həmin illərdə Nizami Gəncəvinin yaradıcılığını öyrənməyə başladım. Fikirləşdim ki, bu dahi insanı hər kəs uşaqlıqdan tanımalıdır. Amma necə? Buna görə də Nizaminin əsərlərindən bəzi hissələri tərcümə edib, uşaqlar üçün uyğunlaşdırmağa başladım. Norveç səfiri Gəncədə olarkən mənim tərcüməmlə tanış oldu və dedi ki, belə bir nəşr çox gözəl hədiyyə olardı, mən öz qonaqlarıma belə bir kitabı həvəslə bağışlayardım. Təxminən üç il çalışdıqdan sonra üç dildə - Azərbaycan, ingilis və rus dillərində «Leyli və Məcnun» kitabı hazır oldu.
- Xanım Tori, bu, çox nəfis nəşrdir, təkcə məzmununa görə deyil, tərtibatına görə də seçilir.
- Mən «Leyli və Məcnun» poemasından seçmələri qısa-qısa, hətta deyərdim ki, aforizm kimi tərcümə edəndən sonra qərara aldım ki, tərtibatda Nizaminin «Leyli və Məcnun» poemasına çəkilmiş Orta əsr miniatürlərindən istifadə edim. Hətta bu kitabdakı seçmələr əsasında Gəncə Dövlət Kukla Teatrı ingilis dilində tamaşa da hazırladı. Həmin tamaşanın video-yazısı da kitabın içliyindədir. Mən çox xoşbəxtəm ki, belə bir işin öhdəsindən gəldim. İndiyədək bu albom-kitab 5 min nüsxədən çox tirajla çap olunub.
- Bayaqdan fikir verirəm: Nizami Gəncəvi haqqında xüsusi məhəbbətlə danışırsınız...
- Mən “Leyli və Məcnun”u, məhəbbətin böyüklüyünü Nizaminin fəlsəfi yanaşmasından anlamağa çalışdım. Nizami çox böyük şair, filosof, həqiqət axtarıcısıdır. Şekspir, Puşkin, Tolstoy, Höte belə onun yaradıcılığından qidalanıblar. Nizami Gəncəvinin yaradıcılığını öyrənməkdən, onu təbliğ etməkdən qürur duyuram. Məncə, Nizami ən yaxşı psixoloqdur. O, insan psixikasının dərinliklərinə nüfuz etməyi bacarır.
G.Mirməmməd