Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi funksiyalarını yerinə yetirən “Tour a Vent” şirkətinin təşkilatçılığı ilə oktyabrın 9-da Rusiya şəhərlərində road-şou çərçivəsində informativ biznes təqdimatları başlanacaq.
Şirkətin informasiya xidmətinin yaydığı məlumata görə, Moskva, Yekaterinburq, Sankt-Peterburq və Kazanda keçiriləcək təqdimatlarda Azərbaycanın turizm potensialından danışılacaq.
Hər şəhərdə populyar turizm istiqaməti kimi Azərbaycanın maarifləndirici biznes-təqdimatı keçiriləcək. Road-şounun məqsədi rusiyalı turistlər üçün Azərbaycanın turizm potensialını və ölkənin regionlarında turizm imkanları spektrini təqdim etmək, Rusiyanın turizm biznes-seqmentinin nümayəndələrini əməkdaşlığa cəlb etməkdir.
Şahdağ Turizm Mərkəzi, “Qafqaz” və “Absheron Hotel Group” hotellər şəbəkəsi, “Fairmont”, “Rixos”, “Naftalan Qashalti” və digər hotellər təqdimatlarla çıxış edəcək. Tədbir hər şəhərdə milli şirniyyatların qoyulduğu çay süfrəsi ilə başa çatacaq.