400-dən çox mağaza xüsusi kampaniya və endirimlər edəcək
   
   Bu payız Bakıda gerçəkləşən mötəbər tədbirlərin sırasına daha biri əlavə olunur. Paytaxtımızı dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə təşkil olunan II Bakı Şopinq Festivalı (Baku Shopping Festival) oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.
   Festivalın təşkilatçısı - Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosundan verilən məlumata görə, yerli əhalinin və turistlərin festivalda iştirakı onlara bir çox əlverişli fürsətlər qazandıracaq. Vaxtına, puluna qənaət etmək istəyən, eləcə də keyfiyyətə üstünlük verən və zövqünə güvənənlər bir ay boyunca təqdim ediləcək imkanlardan yararlana bilərlər.
   Dünya ölkələrində alıcılar şopinq festivallarını səbirsizliklə gözləyirlər. Bu ildən təşkil olunmağa başlayan Bakı Şopinq Festivalı da vətəndaşlarımıza və şəhərimizin qonaqlarına ildə iki dəfə (yaz-payız) bu fürsəti yaradır.
   
   Alış-veriş et, sonra pulun bir hissəsini geri al
   
   Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin mallara “Tax free” tətbiq olunacaq. “Baku Shopping Festival - Tax free” nişanı olan mağazalardan 100 manatdan çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin müəyyən qismini geri almaq imkanı qazanacaqlar. Həmin məbləğ nağd və bank hesabına, yaxud da karta köçürmə yolu ilə əldə edilə bilər. 
   Xatırladaq ki, ƏDV-nin qaytarılması yalnız “Baku Shopping Festival - Tax free” nişanı olan mağazalarda mümkündür. Belə fərqləndirici nişanı olmayan mağazalarda bu sistem tətbiq olunmur. Sözügedən mağaza və restoranların siyahısı və ünvanları festivalın rəsmi saytında ( bölməsində) yerləşdiriləcək. 
   Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur. 
   
   Yerli mağazalara müjdə
   
   Bakı şəhərində yerləşən istənilən mağaza Ticarət festivalının iştirakçısı ola bilər. Müştərilərinə ƏDV qaytarılması imkanı təqdim etmək və festivalın təbliğat imkanları vasitəsilə öz brendini tanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə ticarət dövriyyəsini artırmaq istəyən sahibkarların iştirakı mümkündür. Sadələşdirilmiş vergi ödəyiciləri festival iştirakçısı olaraq, ƏDV-nin qaytarılması xaric, festivalın digər imkanlarından yararlana bilərlər. Ənənəvi mərasimə qoşulmağın şərtləri barədə keçidinə daxil olmaqla məlumat almaq olar.
   Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən festivalın təşkilatçılığı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Ticarət festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.
   İlk Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır. 
   Festivalın iştirakçısı olmaq üçün info@bakushopfest.com <mailto:info@bakushopfest.com>elektron poçt ünvanı və ya 15-47 qısa telefon nömrəsi ilə əlaqə saxlamaq olar.
   
   F.Hüseynov