Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun Ukrayna mətbuatında müsahibəsi dərc olunub.
   Bu ölkədə turizm sahəsində yeganə rusdilli nəşr olan “Otelier&Resterator” jurnalında dərc olunan yazıda Azərbaycan turizm sənayesinin bugünkü vəziyyəti, perspektivləri, müxtəlif turizm növlərinin inkişafı istiqamətində atılan addımlar və hotel xidmətindən bəhs olunur.
   Bildirilir ki, son illər dövlətin dəstəyi ilə Azərbaycanda turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Ölkəmizdə dünyaca tanınmış brend hotellər fəaliyyət göstərir və müasir hotel xidmətinin qurulması istiqamətində böyük irəliləyiş əldə olunub. “Eurovision-2012”, I Avropa Oyunları, Formula 1 Azərbaycan qran-prisi, IV İslam Həmrəylik Oyunları kimi beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması, eləcə də xarici turist axınına güclü təkan verib. Həmçinin bir sıra xarici ölkə vətəndaşları üçün viza sisteminin sadələşdirilməsi və “ASAN viza” sisteminin tətbiqi də bu sahənin inkişafına müsbət təsir edib. Son illər xarici turistlərin ölkəyə axınının artdığı və eləcə də daxili turizmin sürətlə inkişaf etdiyi bildirilir.
   Yazıda Azərbaycanda turizmin müxtəlif növlərində turistlərə yüksək səviyyədə xidmət göstərildiyi vurğulanır, o cümlədən ölkəmizin sağlamlıq turizmi imkanlarından söz açılır, xidmət sektorunda çalışan işçilərin bilik və bacarıqlarının artırılması və yüksəkixtisaslı kadr hazırlığının da diqqət mərkəzində olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan xalqının qədim tarixi, zəngin mədəniyyəti, yüksək qonaqpərvərliyi və dadlı mətbəxi ölkəni turistlər üçün daha da cəlb edici edir.
   
   Fariz