Daşkənddə keçirilən turizm yarmarkasında ölkəmiz də iştirak edib
   
   Daşkənddəki “Uzekspomərkəz” sərgilər salonunda “İpək Yolu ilə turizm” 23-cü Beynəlxalq turizm yarmarkası keçirilib. Tədbirdə Azərbaycan da daxil olmaqla, 28 ölkədən turizm şirkətləri, hotellər, bu sahənin mütəxəssisləri iştirak edib.
   Sərginin açılışında Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov ölkənin turizm sənayesi, bu sahədə həyata keçirilən layihələr, infrastrukturun yenilənməsi, xarici turistlərin ölkəyə cəlb edilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Bildirilib ki, il ərzində Özbəkistana gələn xarici turistlərin sayı 2,4 milyon nəfərə çatıb.
   Yarmarkada iştirakçı ölkələrdən gələn turizm şirkətləri və hotellər öz məhsullarını nümayiş etdirib, hazır turpaketlər təqdim olunub.
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış stenddə ölkəmizin 3 turizm firması öz turpaketlərini təqdim edib. Ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbirdə iştirak edib, stendimizə baxıb.
   Qeyd edək ki, Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən aparılan təbliğat işləri nəticəsində son zamanlar ölkəmizə səfər edən özbək turistlərin sayı xeyli artıb. Özbək turistlər əsasən Naftalan müalicəvi sanatoriyalarına, Bakı və Qəbələyə daha çox maraq göstərirlər.