Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın ilk qadın vokalçısı, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 120 illiyi münasibətilə yubiley gecəsi keçirildi. 
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Şövkət Məmmədovanın 120 illiyi haqqında ölkə başçısının müvafiq sərəncamına əsasən yubiley tədbirlərinin keçirildiyini diqqətə çatdırdı. Şövkət xanımın səhnədə ilk çıxışından ömrünün sonunadək Azərbaycan vokal sənətinin inkişafına misilsiz xidmətlərindən danışan Ə.Vəliyev söylədi ki, o, istər vokalçı, istər pedaqoq kimi fəaliyyəti, istərsə də ölkənin teatr və musiqi həyatında fəal iştirakına görə öz dövrünün ən yüksək mükafatları ilə dəyərləndirilib. Bu zərif, bəstəboy qadın Bakı Teatr Texnikumunun yaradıcılarından biri və bu təhsil ocağının ilk direktoru, not nəşriyyatının yaranmasının təşəbbüskarı və ilk direktoru, Teatr Cəmiyyətinin ilk sədri olmaqla yanaşı, yarım əsrdən çox pedaqoji fəaliyyət göstərib. Onun yetirməsi olmuş, SSRİ Xalq artisti fəxri adına layiq görülmüş iki görkəmli sənətkarı - Firəngiz Əhmədova ilə Müslüm Maqomayevi xatırlatmaq bəsdir ki, Şövkət xanımın adı bir vokal pedaqoqu kimi əbədiləşsin.
   Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Ceyran Mahmudova Şövkət Məmmədovanın həyat və yaradıcılığı haqqında geniş çıxış etdi. 
   Sonra Xalq artisti Rauf Abdullayevin idarə etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlərin iştirakı ilə konsert proqramı təqdim edildi. 
   Proqram Reynqold Qliyerin Şövkət Məmmədovaya həsr etdiyi, «Aşıq Qərib» dastanının motivləri əsasında bəstələdiyi «Şahsənəm» operasından uvertüra ilə başladı. Azərbaycan muğamlarından ustalıqla bəhrələnmiş, Şərq musiqisinin incəliyini və qədimliyini Avropa çalğı alətləri və simfonik harmoniya ilə çatdıran operadan Şahsənəmin ariyasını Əməkdar artist İnarə Babayeva oxudu. 
   Ardınca xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, əməkdar artistlər Gülnaz İsmayılova, Zemfira İsmayılova, Səbinə Əsədova, Fəridə Məmmədova, Afaq Abbasova, Fərid Əliyev, Anton Ferştandt, Opera və Balet Teatrının solisti Taleh Yəhyayev Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ariyalar ifa etdilər. Şövkət xanımın xatirəsinə həsr olunmuş konsertdə Müslüm Maqomayevin «Şah İsmayıl», Fikrət Əmirovun «Sevil» operalarından ariyalar ilə yanaşı, Cüzeppe Verdi, Petro Maskani, Cakomo Puççininin, Françesko Çileanın «Traviata», «Otello», «Kənd namusu», «Toska», «Arlezianka» və «Adriana Lekuvrer» operalarından əsas qəhrəmanların ariyaları da səsləndi.
   Əgər bir konsertdə bu qədər cavan və güclü səs toplanıbsa, üstəlik, onların arasında soprano və tenor səslər çoxdursa, həmin konsert C.Verdinin «Tarviata» operasından məşhur «Ziyafət nəğməsi» ilə başa çatmalıdır. Bəlkə də yüz ildən bəri dünyanın bütün klassik musiqi konsertlərinin final nömrəsinə çevrilmiş bu nəğmə Şövkət xanımın yubiley gecəsinə də xüsusi bəzək vurdu. Konsert iştirakçılarının səhnənin qarşısında, salonda düzlənərək həmin nəğmənin kupletlərini birlikdə oxuması, maestro Rauf Abdullayevin ilhamlı idarəçiliyi, orkestrin şövqlü çalğısı, üstəlik, nəğmənin ilk taktlarından filarmoniyaya toplaşmış musiqi xiridarlarının alqışı Şövkət Məmmədovanın adına layiq gecənin son akkordları oldu. 
   ...Bir zaman bu sənət məkanında çıxış etmiş, salonda əyləşib tələbələrinin çıxışlarını dinləmiş Şövkət xanımın səhnənin yuxarı başında vurulmuş böyük portretindən boylanan əksi də sanki səhnədə çıxış edən vokalçıları, xüsusən də yaraşıqlı və şaqraq səsli xanımları fəxrlə süzür, onların ifasına qocaman pedaqoq kimi əla qiymət verirdi. Heç şübhəsiz ki, həmin axşam bu ifaları canlı dinləyənlərin könlü xoş, milli vokal sənətinin öncüllərindən olan Şövkət xanımın ruhu şad idi. 
   
   Gülcahan Mirməmməd