Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 3,1 milyon sərnişinə xidmət göstərib.
Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, bu göstərici 2016-cı ilin ümumi statistikasına yaxındır. Sərnişinlərin 85%-i beynəlxalq reyslərlə uçub. Aeroportun beynəlxalq daşımalarının 46,1%-i AZAL-ın, 53,9%-i xarici aviadaşıyıcıların payına düşüb.
Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısı ümumilikdə 1,9 milyon sərnişin, o cümlədən 468 min nəfəri daxili reyslərlə daşıyıb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Aeroportun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.
Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu MDB ölkələrinin hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” mükafatını qazanıb.