Azərbaycan xalq sənəti çox zəngin və rəngarəngdir. Onun kökləri tarixin dərinliklərinə gedib çıxır. Xalqımızın vaxtilə çox geniş yayılmış, eyni zamanda təkcə bizim deyil, bütün türk xalqlarının sənət növlərindən biri də keçə sənətidir. Bu sənət növünə hələ “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinir.
   Alaçıq örtüyü kimi tanınan keçə çox-çox sonralar inşaatda izolyasiya və bərkidici material kimi də işlədildi. Keçənin istifadə olunduğu digər bir sahə geyimlər - yaylaq-qışlaq ömrü yaşayanların yapıncı və papaqları idi. Çox vaxt da dədə-babadan qalmış bu geyimləri çobanların əynində görənlər onların nədən hazırlandığının fərqinə də varmazdılar. 
   Bu xalq sənətini peşəkar səviyyədə yaşatmağı qarşısına məqsəd qoymuş Rauf Əbdülhüseyn oğlu İsmayılov 28 iyun 1957-ci ildə Mingəçevir şəhərində anadan olub. 1980-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1991-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
   1980-ci ildən beynəlxalq və respublika sərgilərinin iştirakçısı olub.
   Rəssamın əsərləri mövzu baxımından çox dərin olsa da, keçədə öz bədii ifadəsini tapa bilmişdir. Onun “Kür sahilində axşam”, “Mingəçevirdə qış”, ”Xəzərdə axşam”, “Qobustan təranələri” və digər bu kimi bir çox əsərləri tamaşaçını Azərbaycan təbiətinin seyrinə dəvət edir.
   Sənətkar 2002-ci ildə “Humay” mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi Soltan Məhəmməd adına xüsusi mükafata, 2005-2006-cı illərdə İran və Almaniya səfirliklərinin xüsusi diplomuna layiq görülüb.
   Rauf Əbdülhüseynoğlunun “Leylinin sorağında” adlı kompozisiyası Məcnunun nakam sevgisini, “İblis simalılar” əsəri isə nifrəti əks etdirir.
   Rəssam keçə sənətində mövcud olan bütün janrları sınaqdan keçirib və başqalarını da inandırıb ki, bu texnikada çox şeyə nail olmaq mümkündür. Əldə etdiyi ən böyük sənət uğuru isə, bizcə, budur ki, o da bəzi xalçaçılarımız kimi keçəni ayaq altından yüksəkliyə qaldırıb, hamını ondan bir sənət nümunəsi kimi zövq almağa sövq edib. 
    
   Xanım Rzayeva
   Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı