İşçi qrupunun növbəti iclası olub
   
   Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Turizm Şurasının turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi qrupu yaradılıb.   
   Sözügedən tədbirlər sırasına turizm sahəsində elmi tədqiqatların aparılması, digər ölkələrin təcrübəsindən yararlanmaqla turizm təhsili sektorunda yeni və təcrübəli əməkdaşlar üçün təlim modullarının müəyyən edilməsi, turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və digər məsələlər daxildir.
   Oktyabrın 12-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi ilə İşçi qrupunun ikinci iclası keçirilib. İclasda Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin nümayəndələri iştirak ediblər.
   İclası giriş sözü ilə açan nazir müavini peşə təhsili istiqamətində fəaliyyətin əlaqələndirilməsi, mövcud təhsil sisteminə yeni yanaşmaların tətbiqi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili ilə bağlı məsələlərin xüsusilə diqqətdə saxlanılmalı olduğunu bildirib.
   İclasda Şahdağ Regional Turizm Peşə Məktəbinin yaradılması ilə bağlı həyata keçirilən işlər, təqdim edilən “Turizmlə bağlı nümunəvi peşə standartlarının, peşə standartı üzrə qiymətləndirmə nümunələrinin və turizm müəssisələri üçün nümunəvi təlim standartlarının tətbiqi haqqında” əmr layihəsi, İşçi qrupunun iş planına, habelə digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilməli məsələlər ətrafında müzakirələr aparılıb.
   İclasın yekununda Şahdağ Regional Turizm Peşə Məktəbinin yaradılması ilə əlaqədar işlərin sürətləndirilməsi, təhsilin pillələri üzrə turizm ixtisasları ilə bağlı siyahıda dəyişikliklərin edilməsi haqqında təkliflərin rəy bildirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinə göndərilməsi qərara alınıb. Həmçinin qeyd olunub ki, peşə standartlarına dair əmr layihəsinin aidiyyəti qurumlarla rəsmiləşdirilməsi imkanları araşdırılsın, Strateji Yol Xəritəsinin və digər normativ-hüquqi sənədlərin icrası istiqamətində qarşıda duran vəzifələrin icrası nəzarətdə saxlanılmaqla sürətləndirilsin.