Milli Konservatoriyada Səfəvi dövrünə ürfani səyahət
   
   Səfəvi tarixi və mədəniyyəti haqqında bu günə kimi çoxlu kitablar, elmi məqalələr yazılıb. Səfəvi dövlətinin qurucusu - sərkərdə və şair Şah İsmayıl Xətai tariximizdə dövlətçilik, millətçilik baxımından müstəsna yerə sahibdir.
   Səfəvi mədəniyyəti Orta əsrlər Azərbaycan milli düşüncə tərzinin, milli mədəniyyətimizin formalaşmasında önəmli rol oynayıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi “Sən kimsən, Səfəvi” adlı məqaləsində qeyd edir ki, Səfəvi mədəniyyəti və poeziyası özündən əvvəlki Şərq mədəniyyətinin bütün nailiyyətlərini özündə birləşdirib: “Səfəvi mədəniyyətinə aid olan nə varsa, sırf Azərbaycan xalqının sələfi olan Qızılbaş türk tayfalarının öz milli psixoloji bazasına söykənir”.
   Bu gün də müasir Azərbaycan incəsənətində Səfəvi mədəniyyətindən gələn elementlər yaşamaqdadır. Oktyabrın 11-də Azərbaycan Milli Konservatoriyasında təşkil edilən tədbirdə bunu bir daha duyduq. 
   AMEA Folklor İnstitutunun böyük elmi işçisi, sufi ozan Fəxrəddin Salimin (Baxşəliyev) təqdimatında əsrlər öncəsinin ab-havasını yaşadıq.
   Fəxrəddin Salim Bakı Musiqi Akademiyasının məzunudur. Amerika, Avropa və bir çox Şərq ölkələrində elmi məruzələr edib, konsertlərlə çıxış edib. Sufi dünyagörüşünün, təsəvvüf fəlsəfəsinin elmi və praktik tərəfdən araşdırıcısı olan ozan “Təsəvvüf ənənələri və Aşıq Ələsgər” mövzusunda dissertasiya işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 
   Görüş zamanı ozan ifa etdiyi musiqilərin dinləyicilər tərəfindən türkü kimi qəbul edilməsi fikrinə aydınlıq gətirdi. Həmin nümunələri sazda səsləndirərək dəyərləndirilməsini musiqişünaslara həvalə etdi və mütəxəssis rəylərinin yaradıcılığı üçün vacib olduğunu vurğuladı. 
   Muğamlarımız, klassik ədəbiyyat, Şərq tarixi və aşıq musiqisi haqqında dərin bilgilərə malik olan Fəxrəddin Salimini dinlədikcə insan özünü sanki Səfəvi dövrünün dəbdəbəli saray məclisində hiss edir. O saray ki, burada sənətkara və sənətə yüksək dəyər verilirdi. Fikrimizcə, indi də janrı tam dəqiqləşdirilməyən bu musiqilər əsrlərin o tayından bizə çatan, türklüyümüzün, dövlətçiliyimizin əks-sədasıdır.
   Fəxrəddin Salimin ifaları ilə yanaşı elm və sənət haqqında fikirləri də maraqlıdır. Görüşün sonunda onunla qısa söhbət etdik:
   - Özünüzü sufi məktəbinin davamçısı hesab edirsiniz...
   - Azərbaycanda sufi məktəbinin faktiki olaraq təmsilçisiyəm. Bu baxımdan məsələlərə Hind-Avropa, İran-Bəlx-Əfqanıstan arealından yanaşıram. Bu, Şah İsmayıl Xətaidən gələn bir yoldur. Ümumiyyətlə, təsəvvüfdə üç areal, üç qol var: Mövlanənin (Cəlaləddin Rumi - L.A.) gəldiyi Xorasan sufi məktəbi, orta əsrlərdən gələn Bahəddin Nəqşbəndi, Əhməd Yasəvidən gələn qol, bir də Ərəb-Anadolu qolu. Mən də Bəlx-Xorasan qolundan olduğum üçün formalizmi çox sevirəm. Köhnə kişilər demiş, surətpərəstəm. Musiqinin də, şəklin də gözəlliyini çox sevirəm.
   - Deyirsiniz türkülərin də içində bir can var...
   - Hər şeyin başı sevgidir. Sevginin də canı var. Səbəbin və nəticənin içində bir nüvə var. Bəli, türkülərin içində də bir can var. O canın mənbəyi heç mənə də məlum deyil. Əslində məlumdur, amma məsəl var: söz var, xalq içində, söz var, xülq içində. Qulağa deyilən sözü xalqa demək olmaz.
   - Qüdrət və şöhrət insana nə qazandırar?
   - Təbrizli ozan Cavid Mürtəzaoğlu deyib ki, qüdrət insana müqəddəslik gətirməz, ancaq müqəddəslik insana qüdrət gətirər.
   - Elm bütün suallara cavab tapa bilirmi?
   - Əgər alimlər hər şeyi görsəydilər, əgər bilik və məntiq bütün suallara cavab versəydi, o zaman savaş və barışlara ehtiyac, mübarizə və nəzəriyyələrə yer qalmazdı. 
   - Bəs həyat nədir?
   - Həyat bir qapıdan girib, o biri qapıdan çıxmaqdır. 
   - İfa etdiyiniz musiqilərlə Orta əsr sufiləri arasında hansı energetik əlaqələr var?
   - Siz energetik əlaqə deyirsiniz, başqaları buna mistik əlaqə deyir. Əslinə qalsa, bu ruhani rabitədir. Pirlərimdən birindən soruşdum ki, iki cür ziyarət var deyirsiniz - batini və zahiri, hansı daha üstündür? Dedi batini ziyarət zahiri ziyarətdən üstündür. Çünki batini ziyarət hər zaman mümkündür. Zahiri ziyarət isə hər zaman mümkün deyil. Burdan filan qədər pul xərcləyib Kəbəyə getmək zahiri ziyarətdir. O da hələ Allahın evini ziyarətdir, özünü yox. Bir də var ki, əlini könlünə qoyub “Yahuu” çəkənlər. Onlar zahiri yox, batini ziyarət edənlərdir, Allahın özünü ziyarət edirlər. 
   * * *
   Buludlu bir payız günündə Milli Konservatoriyanın 6-cı mərtəbəsinin açıq pəncərəsindən qədim və müasir Bakının küçələrinə bir səs, bir ifa süzülürdü:
   
   İsa dəxi olsan, bu fəna dəhrdə hər gün, 
   Bir möcüzə icad eləmə, fanidi dünya...
   
   Lalə Azəri