Ankara İldırım Bəyazid Universiteti (AYBU) Türkiyənin ən gənc universitetlərindən biridir. Osmanlı Sultanı İldırım Bəyazidin adını daşıyan təhsil ocağının təməli də elə tarixi məkanda - türk dünyasının iki böyük hökmdarı Teymur və İldırım Bəyazidin üz-üzə gəldiyi Ankara döyüşünün (1402) baş verdiyi yerdə qoyulub. Universitetin bir özəlliyi də ondan ibarətdir ki, burada tez-tez türk dünyasına və onun yetişdirdiyi şəxsiyyətlərə həsr edilən tədbirlər düzənlənir. Burada xeyli azərbaycanlı tələbə də təhsil alır. 
   
   Universitetin rektoru, professor Mətin Doğan ilə müsahibəmizdə tədris ocağı haqqında daha geniş məlumat almağa çalışdıq. 
   
   - Mətin bəy, qurulduğu tarixdən bəri bu universitetə rəhbərlik edirsiniz. Yəqin ki, başlanğıcda qarşıya müəyyən hədəflər də qoymuşdunuz. Ötən illərdə bu hədəfləri hansı səviyyədə gerçəkləşdirə bildiniz?
   - Ankara İldırım Bəyazid Universiteti 2010-cu ildə qurulub və qeyd etdiyiniz kimi, o vaxtdan bu tədris ocağına rəhbərlik edirəm. Bizim hədəflərimiz sadəcə Ankara və ya Türkiyə ilə məhdudlaşmır. Könlümüzdə özünə yer edən bütün coğrafiyalardan olan gəncləri universitetə qəbul edirik. Bu sıraya xüsusilə türk dünyası, Yaxın və Orta Şərq, Qafqaz daxildir. Yəni AYBU bir beynəlxalq universitetdir və ölkəmizin inkişafına dəstək olacaq formada, milli mədəniyyətimizi, min illərin adət-ənənəsindən gələn milli mədəni dəyərlərimizi mənimsəyərək çağdaş elm və ixtisasları əhatə edən, dünyaya da çatdırmağa çalışan bir universitetdir. Yəni hədəfimiz bu idi: həm keçmişdən gələn mədəniyyətə- adət-ənənələrə bağlı olmaq, həm də dünyanın çatdığı elm səviyyəsinə bir töhfə vermək. Bir sözlə, keçmişdən gələcəyə doğru gedən bir universitet. Loqomuzdakı 3 qapı da onu ifadə edir: biri keçmiş, biri yaşadığımız indiki dövr, digəri də gələcəkdir. 
   
   - Təbii ki, qarşıya qoyulan planları reallaşdırmaq həm çətin, həm də məsuliyyətlidir. Maraqlıdır, beynəlxalq bir ali təhsil ocağına çevrilmək, yuxarıda sadaladığınız coğrafiyalardan tələbələri cəlb etmək üçün nə kimi işlər görüldü?
   - Təbii ki, bir universitet üçün 6-7 il uzun zaman deyil. Bəlkə də inkişaf üçün 20, 50 ili geridə qoymaq lazımdı. Amma arxaya dönüb baxdığımızda bu hədəflərimizin əksəriyyətinə çataraq inkişaf etdiyimizi görmək olur. Hazırda 17 min tələbəmiz var. Bunun 10 faizi xarici tələbələrdir. Bu, Türkiyədəki universitetlər arasında ən yüksək göstəricidir. Hazırda 5-6 min nəfər magistr tələbəmiz var. 2000-ə qədər də doktorantlarımız var. Bu, ildə 300-400 doktorant məzun verməyimiz deməkdir. Bu rəqəmlər deməyə əsas verir ki, AYBU beynəlxalq araşdırma universiteti olmağa doğru addımlayır. Yəni say baxımından zəruri olanları yerinə yetirdiyini göstərir. Bu günlərdə bir akademik araşdırma nəticəsində AYBU ölkə üzrə ilk 9 universitet arasında yer aldı ki, bunu Türkiyə mətbuatı da işıqlandırdı. Ayrıca, Türkiyədə 2000-ci illərdən bəri qurulmuş dövlət universitetləri arasında birinci sıradayıq. 
   
   - Gənc bir universitet üçün bunları söyləmək qürurvericidir. Sizcə, bunlar yetərlidirmi?
   - Düşünürəm ki, hələ yetərli deyil. Çünki biz beynəlxalq aləmdə də ilk sıralarda olan universitetlər arasında yer almağı hədəfləmişik. Bizim universitetimizdən məzun olan gənc dünyanın istənilən ölkəsində öz məsləyini icra etməyə qabil olmalıdır. Müəllimləri işə qəbul edəndə də beynəlxalq təcrübəyə sahib olanları seçdik. Proqramlarımızın əksəriyyəti ingilis dilindədir. Çünki hazırda dünyada beynəlxalq dil ingilis dilidir. 
   
   - Universitetdə türk ölkə və diyarlarından çoxlu tələbə təhsil alır. Türk dünyasına töhfə olaraq nə kimi işlər görürsünüz?
   - Müxtəlif tədbirlər, konfranslar, simpoziumlar keçiririk. Məsələn, bu günlərdə keçirdiyimiz “Çubuk və ətrafı” 2-ci Beynəlxalq simpozium türk dünyasından bəhs edirdi. Yaxın zamanda Türk Dil Qurumu, Əfqanıstan, Özbəkistandan həmkarlarımızla birlikdə Əlişir Nəvaiyə həsr edilən bir simpozium keçirəcəyik. Bu ideya Özbəkistana səfər zamanı ortaya çıxmışdı. Bu məqsədlə oradakı universitetlərlə bir işbirliyi razılaşması imzaladıq. Sonra bu sıraya Əfqanıstandakı universitetlər də daxil oldu. 
   Sovetlər zamanı 70 il türkçülüyün kənarda qaldığı bir dönəm yaşanmışdı. Qazaxıstan, Özbəkistan və Türkmənistanda səfərlərdə oldum. Özbəkistanda bizi müşayiət edən bələdçi deyirdi ki, daha öncə onlara özbək tarixinin 1400-cü illərdə Əmir Teymurla başladığını deyirmişlər. Sonra fərq etdik ki, tariximiz qədim dövrlərə dayanır. Ona görə də, biz çalışırıq ki, türk dünyasına fayda verən tədbirləri tez-tez keçirək. 
   Universitetimizdə “Mahmud Kaşğarlı Düşüncə Klubu” fəaliyyət göstərir. Səfirliklərin də dəstəyi ilə bir neçə gün əvvəl burada tələbə festivalı keçirildi. AYBU-da təhsil alan əcnəbi tələbələr öz mədəniyyətlərini, adət-ənənələrini, mətbəxlərini təqdim etdilər. Həm elmi, həm də tələbələr səviyyəsində çox sayda tədbirlərimiz olur. Eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-la əməkdaşlıq edirik. Üç il birgə Novruz bayramları keçirdik. 
   
   - AYBU-nun Azərbaycanla əlaqələri necədir?
   - Azərbaycan bizə ən yaxın ölkədir. Azərbaycan və Türkiyə mədəni baxımdan da yaxın olduğu üçün ölkələrimizdə baş verən hadisələr daha yaxından izlənilir. Bir məqamı xüsusi vurğulayım ki, biz Azərbaycandan gələn tələbələri əcnəbi tələbə hesab etmirik, onları qardaş kimi görürük. Azərbaycanın Türkiyədəki səfirliyi ilə xeyli tədbirlər, Xocalı qətliamı ilə bağlı anım mərasimləri keçirmişik. Təəssüf ki, hələ də Azərbaycana getmək fürsətim olmayıb. Bu yaxında əcnəbi tələbələrlə bir proqram gerçəkləşdirdik. Onları avtobuslarla Ankaranın tarixi və turistik yerlərini gəzdirdik, axşam yemək süfrəsi arxasında bir araya gəldik. Bununla da onların universitetə daha rahat uyğunlaşmalarını təmin etməyə çalışırıq. Mən özüm tələbəlik illərimdə rektorumuzu heç görmədim. Biz isə tələbə yönümlü bir universitet olmağa çalışırıq. 
   
   - Universitet binasının fərqli memarlıq quruluşu var... 
   - Bunu da xüsusi olaraq seçdik. Bu, tariximizə, mədəniyyətimizə sahib çıxmağımızın bir nişanəsidir. Bu işdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük köməyi oldu. Onun təklifləri ilə belə bir layihəni memara təqdim etdik və o da bəyəndi. O gündən sonra bizim universitetin fəaliyyətini yaxından izləməyə başladı. Təməlqoymada da, açılış mərasimində də iştirak etdi. 
   Binanın təməli tarixi bir yerdə qoyulub ki, bu da hər zaman xatırlanır. Qarşıdakı ən hündür təpədə Teymurun qərargahı olub. İldırım Bəyazid də qarşı tərəfdən gəlib. Burda 1402-ci ildə tarixin ən qanlı savaşlarından biri - Ankara döyüşü olub. Bənzər hadisələr Sultan Səlim və Şah İsmayıl Xətai arasında da baş verib. Bunlar tariximizdə dərs götürməli olduğumuz hadisələrdi. Türk dünyası olaraq biz güclü olmağa məcburuq. Azərbaycan bizim qardaşımız, biz də onların qardaşıyıq. Bir-birimizə hər zaman dəstək olmalıyıq.
   
   Mehparə Sultanova
   Ankara