Oktyabrın 17-də Azərbaycan Turizm Şurası nəzdində yaradılan Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi qrupun növbəti iclası keçirilib. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yaradılan İşçi qrupun fəaliyyət dairəsinə hədəf ölkələrlə gediş-dönüş hava nəqliyyatı xidmətləri üzrə müxtəlif liberallaşdırma mexanizmlərinin təhlil olunması, ölkənin aviasiya qanunvericiliyinin zəruri hallarda Avropanın aviasiya qanunvericiliyinə uyğunlaşdırılması, turistlərin həftəsonu Bakıya daha rahat səfərinin təşkili üçün mövcud uçuş cədvəllərinin optimallaşdırılması və digər məsələlərə dair təkliflərin hazırlanması daxildir.
İşçi qrupun növbəti toplantısında Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası, İqtisadiyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC və Azərbaycan Konqreslər Bürosunun nümayəndələri iştirak ediblər.
Görüşdə ölkəmizdə mövcud hava limanlarına yerli və xarici aviaşirkətlər tərəfindən edilən uçuşlar, yaxın gələcəkdə fəaliyyətə başlayacaq yeni hava əlaqələri, Avropa İttifaqı ilə Azərbaycan arasında ortaq hava məkanı sazişi layihəsinin mövcud vəziyyəti və digər məsələlər müzakirə edilib.