Turizm təhsili sahəsində əməkdaşlığın qurulması təklif edilib
   
   Oktyabrın 17-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Uilyam Qillin başçılıq etdiyi heyətlə görüşüb. Görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov da iştirak edib.   
   Görüş zamanı Azərbaycan və ABŞ arasında turizm sahəsi üzrə əməkdaşlığa dair görülən işlər və perspektivlər müzakirə edilib. Nazir müavini ölkəmizdə turizm sahəsində həyata keçirilən islahatlar barədə danışıb.
   Nazim Səmədov Azərbaycan və ABŞ arasında birbaşa təyyarə reyslərinin fəaliyyət göstərməsi ilə qarşılıqlı turist axınının intensivləşdiyini, bu reyslərdən həm Azərbaycan vətəndaşlarının, həm də qonşu olan ölkələrin vətəndaşlarının istifadə etdiyini deyib.
   İki ölkə arasında əlaqələrin genişləndirilməsindən danışan görüş iştirakçıları turizm təhsili sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Turizm Peşə Məktəbi, Mingəçevir Turizm Kolleci haqqında ABŞ heyətinə məlumat verilib. Nazir müavini tərəfindən bir sıra ölkələrlə əməkdaşlıq edən ATMU ilə ABŞ-ın müvafiq təhsil müəssisələri arasında gələcəkdə əlaqələrin qurulması təklif edilib.