D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında ölkəmizin bu şəhərdəki baş konsulluğunun təşkilatçılığı ilə görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunan təntənəli konsert keçirilib.
Konsertdən əvvəl baş konsul Sultan Qasımov çıxış edərək dahi Müslüm Maqomayevi xalqımızın fəxri adlandırıb, onun həm Azərbaycan, həm də Rusiya üçün dəyərli sənətkar olduğunu, müğənninin ifasında səslənən əsərlərin bir neçə nəsil tərəfindən sevildiyini vurğulayıb. S.Qasımov Müslüm Maqomayevin 75 illiyinə həsr olunmuş təntənəli tədbirin Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 137-ci toplantısının keçirilməsinə təsadüf etdiyini və şəhərin mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd edib.
Konsertdə tanınmış müğənninin mahnı və bəstələrini Rusiyanın Əməkdar artisti, Sankt-Peterburqun Mariinsk Teatrının solisti, opera müğənnisi Vladimir Samsonov ifa edib. Onu dirijor Stanislav Qorkovenkonun rəhbərliyi ilə Sankt-Peterburq Qubernator Orkestri müşayiət edib. Peterburqlular tərəfindən hərarətlə qarşılanan konsertdə çoxsaylı sənətsevər iştirak edib.