Oktyabrın 13-də Bakı Turizm Peşə Məktəbində Azərbaycanda Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, turizm üzrə ekspert Ruslan Quliyev turizm agenti ixtisası üzrə təhsil alan tələbələr üçün seminar keçib.
Seminarda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndən bəhs edilib, sənəddə ölkəmizin turizm sənayesinin gələcək inkişaf istiqamətlərinin öz əksini tapdığı bildirilib. Eyni zamanda yeni “Turizm haqqında” qanun layihəsinin bəzi maddələri haqqında məlumat verilib.
Ruslan Quliyev tələbələrə turizm sənayesində ixtisaslı kadrlara olan tələbat, onların işlə təmin olunması, qarşıya qoyulan hədəflərdən danışıb. Assosiasiya sədri turizm sahəsində baş verən yenilikləri izləməyin vacibliyini qeyd edərək, iştirakçılara bunun üçün sahə ilə bağlı saytları mütəmadi olaraq izləməyi tövsiyə edib.