Ötən il Avstraliyada 15 milyon val satılıb
   
   Bir çox xarici ölkələrdə köhnə musiqi valları yenidən mədəni həyata qayıdır. Musiqilərin indi daha çox telefon, kompüter və USB-lərdən dinlədildiyi müasir dövrdə bu, çoxları üçün gözlənilməz olub. Bu qayıdışı bəzən də “vinil inqilabı” adlandırırlar. Valların “vinil” adlandırılmasının səbəbi onların polivinil-xlorid kimyəvi maddəsindən hazırlanmasıdır. 
   Ötən il Britaniyada musiqi vallarının satışı rəqəmsal yükləmələri ilk dəfə geridə qoyub. Avstraliyada ötən il 15 milyon val satılıb. Bu ölkədə val satışı artıq altıncı ildir yüksəlişdədir.
   “Sony” şirkəti 1989-cu ildən bəri ilk dəfə olaraq musiqi vallarının kütləvi istehsalına başlayır. Şirkət yeni valların istehsalı üçün zavodun açılışını 2018-ci ilin martına planlaşdırır.
   Ötən əsrin 80-ci illərindən kompakt disklər və maqnit lentli kasetlər tərəfindən tamamilə sıxışdırılaraq sıradan çıxarılan valların qayıdışı maraq doğurur. Ekspertlər bunu “fiziki proses” adlandırırlar. Bəzilərinin qənaətinə görə, vallarda musiqi rəqəmsal texnologiyalarda olduğundan fərqli səslənir. Musiqinin rəqəmsal vasitələrdə, disklərdə və ya maqnit lentlərində, yoxsa vallarda daha yaxşı səslənməsi məsələsində hətta ekspertlər arasında fikirayrılığı var. Bir sıra mütəxəssislər inanırlar ki, disklər və kasetlər valın verdiyi musiqi keyfiyyətini heç vaxt təkrar edə bilməyəcək. Onların fikrincə, iynənin val cığırları ilə sürüşməsindən doğan səs, yağışın, küləyin, təbiətin səsi kimi mexanikidir və qulağa daha doğma gəlir. Ekspertlərin çoxu belə bir yanaşmanı qəbul etmirlər. Onlar deyirlər ki, əksinə, valın üstündəki mexaniki cığırlar səsin heç də bütün incəliklərini ifadə edə bilmir. Bəzi ekspertlərsə bildirir ki, müasir valların əksəriyyəti onsuz da rəqəmsal vasitələrdən köçürülür və buna görə də keyfiyyətcə onlardan fərqlənmir.
   Bir fakt danılmazdır ki, xüsusilə yaşlı nəsil üçün vallar ayrı bir məna daşıyır. Real xatirələr hər zaman xoşdur. Bu mənada val ən qiymətli yadigardır.
   
   Lalə Azəri