Fransız rəssamı Henri Tuluz Lotrekin (1864-1901) adı sənətsevərlər arasında çox məşhurdur. O, gözəl əsərləriylə yanaşı, faciəli həyatı ilə yaddaşlarda qalıb.
Lotrek sayılıb-seçilən bir fransız ailəsində doğulsa da, ömrünü gecə klublarında əyləncə içində yaşayıb. 36 yaşında dünyadan gedən rəssam qısa ömründə çoxlu əsərlər yaradıb. Bu əsərlər dünyanın müxtəlif muzeylərində qorunmaqdadır.
1864-cü ildə Fransanın güneyindəki Albi qəsəbəsində doğulan Tuluzun valideynləri əmiuşağıydılar. Henri qohum evliliyinin qurbanı olaraq genetik xəstəliklə dünyaya gəlmişdi. 1868-ci ildə doğulan qardaşı Riçard da bir il sonra ölmüş, bu hadisədən sonra valideynləri ayrılmışdılar.
Bunun ardınca isə Henri anasıyla birgə Parisə yollanır. O, liseydə oxuduğu zaman rəsmlə maraqlanmağa başlayır. Dərs kitablarının üzərində karikaturalar çəkən gələcəyin böyük rəssamı ilk sənət dərslərini Rene Princetaydan alır. Lakin orqanizmində baş qaldıran xəstəlik ucbatından Henri anasıyla birgə Albiyə qayıdır və təhsili yarımçıq qalır. Ona görə də o, evdə təhsil alır. Uşağın sümükləri kövrəkləşmiş, bədəni normal biçimini itirmişdi.
Taleyin doğuluşdan qarğıdığı rəssam iki dəfə ağır xəsarət alır. Birinci dəfə onun sol qıçı qırılır, sonrakı il isə sağ qıçı sınır və sağlıq durumu daha da pisləşir: rəssam ömürlük axsaq qalır. Beləliklə, o, dəhşətli bədən ağrılarıyla dolu bir həyat keçirir.
Təbiət xəstəliklərlə bərabər ona böyük rəssamlıq istedadı vermişdi. Artıq rəssam olacağını qətiləşdirən Tuluz Lotrek yenidən anası ilə Parisə yollanır. 1882-ci ildə rəssam Leon Bonnatın emalatxanasında sənətlə məşğul olur. Emil Bernard və Vinsent Van Qoqla tanış olur, bununla da o, yaradıcılığında post-impressionizmə yönəlir. Bundan sonra sərbəst işləməyə başlayan Lotrek Parisin rəssamlar məhəlləsi Montmartredə yaşamağa başlayır.
O, günlərini rəsm çəkmək və içki içməklə keçirirdi. 1884-cü ildə gecə klublarından birinin sahibi Bruant rəssamın əsərlərini klubda sərgiləməyə icazə verir, ona görə də Lotrekin adı tez bir zamanda rəssamlar arasında məşhurlaşır. 1887-ci ildə isə Le Tabourin klubunda Van Qoq ilə birgə sərgi açır. Lotrek ən çox impressionist rəssam Edqar Deqasdan və yapon rəssamlığından yararlanmışdı.
Onu daha çox çəkdiyi afişalar məşhurlaşdırdı. Həmin afişalarda Lotrek geçə klublarında çalışan müğənni və rəqqasələri təsvir edirdi. Bu da o çağ üçün çox orijinal reklam işi sayılırdı. Rəssam Parisin bütün məşhur gecə klublarının müştərisi idi. O, gecə həyatının bütün qəhrəmanlarını yaxından tanıyır və onları öz əsərlərinin baş obrazına çevirirdi. Əsərlərində yüngül əxlaqlı qadınları təsvir etdiyi üçün çağının mühafizəkar düşüncəli insanları tərəfindən qınanırdı.
1893-cü ildə rəssamın ilk fərdi sərgisi açıldı. Sonrakı illərdə o, Avropada bir çox sərgilər açdı. Amma rəssamın alkoqola aludə həyatı sona doğru gedirdi.
1899-cu ildə anası onu Parisdə qoyub qəsəbəyə dönmüşdü. Bu da rəssamı çətin duruma salmışdı. 1901-ci ildə sağlıq durumu pisləşən rəssam anasının yanına qayıtdı. Lotrek əslində ölməyə getmişdi. 37 yaşlı rəssam həmin il dünyasını dəyişdi.
S.Qaliboğlu