AZAL Azərbaycan Turizm Assosiasiyasının İdarə heyətinə üzv olub
   
   Oktyabrın 19-da "Azərbaycan Hava Yolları" QSC (AZAL) Azərbaycan Turizm Assosiasiyasının (AZTA) idarə heyətinə üzv olub. Üzvlük haqqında sazişi "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AZTA-nın sədri Nahid Bağırov imzalayıblar. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
   Azərbaycanda ilk dəfə olaraq özəl və dövlət sektoru turizm sahəsinin inkişafı üçün tərəfdaşlıq qurur. Assosiasiyanın tərkibinə aviaşirkətin daxil olması ilk dəfədir - indiyə kimi Azərbaycan Turizm Assosiasiyasının üzvləri sırasına turizm şirkətləri və hotellər daxil olub.
   AZAL Assosiasiyaya üzv olmaqla yanaşı, AZTA-nın İdarə heyətinin tərkibinə də daxil olub və burada aviasiya nəqliyyatının fəaliyyətini əlaqələndirəcək.
   AZAL-ın Azərbaycan Turizm Assosiasiyasında fəaliyyəti ölkədə turizm sənayesinin əsas iştirakçıları - turizm şirkətləri, hotellər və aviasiya sahəsinin fəaliyyətinin üçtərəfli əlaqələndirilməsinin formalaşdırılması deməkdir. Turizm şirkətləri, hotellər və aviasiya sahəsinin iştirakı olmadan lazımi keyfiyyəti təmin etmək mümkün deyil.
   AZAL aviaşirkətinin Azərbaycan Turizm Assosiasiyasının İdarə heyətinin tərkibinə daxil olması dövlət başçısı tərəfindən turizm sektorunun inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün turizm sektorunun iştirakçıları qarşısında qoyduğu məqsədlərdən birinə nail olmaq deməkdir.
   Bundan sonra turizm sənayesinin üç əsas aparıcı qüvvəsi əlaqələndirilmiş fəaliyyət göstərəcək. Bu fəaliyyət Azərbaycana turist axınını təmin etməklə yanaşı, turizmin bütün istiqamətlərinin inkişafına imkan verəcək ki, bu da əhalinin məşğulluğunun təmin olunması üçün əlavə təkan olacaq.
   Tədbirdə jurnalistlərə açıqlama verən nazir Əbülfəs Qarayev turizmin inkişafında müasir nəqliyyat vasitələrinin xüsusi rolu olduğunu deyib. Bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayında 21% artım qeyd alınıb. Ölkəmizə avtobus və avtomobillə gələnlərin sayı çoxalıb: “Bundan başqa, yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun turizm məqsədilə istifadəsi gündəlikdədir. Turizmin inkişafının birbaşa olaraq hava nəqliyyatı ilə bağlı olduğunu etiraf etməliyik. Hava nəqliyyatı isə son vaxtlar nəinki paytaxtda, eyni zamanda digər şəhərlərdə inkişaf edir”.
   Nazir ölkə mədəniyyətinin tanıdılması istiqamətində də öz tövsiyələrini verib: “AZAL təyyarələrdə sərnişinlərə müxtəlif nəşrlər təqdim edir. Mən hətta kiçik nəşrlərdə Azərbaycan şairlərinin şeirlərini, nağıllarımızı, uşaqlar üçün kitabların qoyulmasının tərəfdarıyam. Səfərə gələn insanlar Azərbaycan haqqında nəinki televiziya, nəşrlər vasitəsilə də məlumat almalıdırlar. Bu, mədəniyyətə yeni baxış ola bilər. Mədəniyyət Azərbaycanın aynası olaraq hər bir aviasiya şirkətinin sütunlarından biri olmalıdır. Əgər biz onu düzgün istifadə etmiriksə, məqsədimizə nail ola bilmərik. Azərbaycana gələnlər təkcə yemək, biznes, pul xərcləmək üçün gəlmirlər. Onlar ilk növbədə Azərbaycanın mədəniyyəti, həyat tərzi, təfəkkürü ilə tanış olmağa gəlirlər. Ona görə də hesab edirəm ki, turizm şirkətləri Azərbaycanın zəngin mədəniyyətinin təbliğini əsas götürməlidirlər”.