“Türkmənlərin yaşadıqları problemləri bütün dünya mediasına, insanlara göstərmək istəyirik”
   
   Əsası 2004-cü ildə Kərkükdə qoyulan Türkməneli TV-nin xaricdəki yeganə təmsilçiliyi Ankarada yerləşir. İraq türkmənlərinin səsi olan bu televiziya kanalı Ankarada Azərbaycanla bağlı keçirilən tədbirləri də geniş şəkildə işıqlandırır. Türkməneli TV-nin Ankara təmsilçisi Mehmet Hanefi Uzunçam ilə müsahibəmizdə televiziyanın fəaliyyətinə, önəm verdiyi layihələrə və digər məqamlara toxunduq. 
      
   - Türkməneli TV-nin əsas missiyası nədir və nə üçün təmsilçiliyi məhz Ankarada açdınız?
   - Televiziya Kərkükdə 2004-cü ilin aprel ayında quruldu. Elə həmin ildə Türkiyədə də fəaliyyətə başladı. Türkiyə bizim üçün çox önəmli olduğu üçün Ankarada büro açmaq qərarına gəldik. Çünki biz eyni kökdən olan iki millətik. Türkməni türkdən ayırmaq mümkün deyil. Buna görə də bizim televiziyanın Ankarada fəaliyyəti lazım idi. Türkiyədə hər cür dəstək görürük. Televiziya qurulduğu gündən etibarən fasiləsiz şəkildə həm TÜRKSAT, həm də NİLESAT peykləri vasitəsilə 24 saat yayındadır. Televiziya proqramlarına əlavə olaraq, bizim saytımız (www.turkmenelitv.com) da var. İraq, Türkiyə və dünya xəbərləri operativ şəkildə saytımızda yer alır. Yayın dilimiz türk və ərəbcədir. 
   Proqramlarımız isə həm Kərkükdə, həm də Ankarada hazırlanır. Bağdaddan canlı yayın etmək üçün hələlik imkanımız yoxdur, amma oradan xəbərlər Kərkükə göndərilir və yayımlanır. Eyni zamanda Türkiyədə Yaxın Şərq haqqında bütün xəbərləri izləyirik. İŞİD işğalından sonra Telafər və Mosulda olan bürolarımız zəbt edildi. Bütün avadanlıqlarımız da orada qaldı. Onların taleyindən xəbərimiz yoxdur. Yalnız işçilərimiz bölgədən çıxa bildilər və hazırda fəaliyyətlərini başqa bölgələrdə davam etdirirlər. 
   Əlbəttə, zaman-zaman çətinliklərlə qarşılaşırsan. Çünki yeni bir televiziya qurmaq asan deyil. Daha əvvəl yerimiz çox dar idi. İndi isə studiyası olan geniş binada yerləşirik. Azərbaycanda İctimai Televiziya ilə bir protokol imzalamışıq. Sənədə əsasən ordan aldığımız proqramlar bizim televiziyada, bizim də bəzi proqramlarımız İTV-də yayımlanır. Həmçinin Şimali Kiprdə Bayraq TV və Gənc TV ilə müqaviləmiz var. Qarşılıqlı proqram mübadiləsi edirik, orda yaşayan insanlara öz mədəniyyətimizi göstərmək, onlarınkını da Kərkükdə tanıtmaq üçün belə proqramları gerçəkləşdiririk. Türkiyədə isə TGRT kanalı ilə qarşılıqlı müqaviləmiz var. Müştərək proqramlar, canlı yayımlar edirik. Beləliklə, türkmənlərin yaşadıqları problemləri bütün dünya mediasına, insanlara çatdırmağa çalışırıq. 
   
   - Ümumilikdə götürdükdə televiziyanın əsas prioritetləri nədən ibarətdir? Ankara bürosunda xüsusi layihə və proqramlar hazırlanırmı?
   - Biz öz fəaliyyətimizə öncə “İraqın parlaq üzü” şüarı ilə başladıq. Önəm verdiyimiz proqramlar isə rəngarəngdir: xəbər, mədəniyyət, siyasət, iqtisadiyyat. Ankara bürosunda müxtəlif layihələr gerçəkləşdiririk. Burada iki studiyamız var. Həftədə 8-10 proqram hazırlayırıq, canlı yayımlar edirik. Yəni televiziya üçün nə lazımdırsa burada qurulub. Məsələn, önəmli sənətkar Mehmet Özbayın Ankarada hazırladığı musiqi proqramı çox maraq doğurur. Çünki bu proqrama Türkiyədə yaşayan türkmənlər, Azərbaycan da daxil olmaqla türk dünyasının sənətkarları qatılır. Bununla yanaşı, siyasi proqramlarımız da var. Davamlı olaraq gündəm izlənilir və siyasi müzakirələr aparılır. Fəaliyyətimizdə tarix, dini proqramlarımız da yer alır. 
   
   - İraqda yaşayan türkmənlərin dil və mədəniyyətlərini qorumaq, yaymaq, yaşatmaq baxımından hansı layihələri həyata keçirirsiniz?
   - Bunun üçün mədəniyyət proqramları hazırlayırıq. Misal olaraq, hazırda çəkilişləri davam edən “Telafər sevdası” adlı proqramımız var. Bu proqram Türkiyədə yaşayan türkmənlərə, Təlafər, Kərkük və başqa bölgələrin insanlarının Türkiyədəki yaşayışlarını əks etdirir. Bilirsiniz ki, İŞİD İraqa girdikdən sonra Türkiyəyə böyük bir türkmən köçü oldu. Gələnlər arasında Ankara, İstanbul, Konya, Adanada yerləşənlərlə yanaşı, AFAD-ın (Türkiyənin təbii fəlakət və təcili yardımla bağlı dövlət qurumu - red.) qurduğu düşərgələrdə yaşayan çox sayda insanlarımız var. Onların hər biri ilə çox yaxın münasibətlərimiz var. “Təlafər sevdası” proqramı vasitəsilə onların adət-ənənələrini, mədəniyyətini necə yaşatdıqlarını nümayiş etdiririk. Məqsədimiz türkmən eli ilə Türkiyə arasında körpünü gücləndirməkdir. 
   Qısa vaxtda önəmli layihələrə imza atmışıq. “Mən türkmənəm, mən bəyəm” adlı sənədli bir film hazırladıq. Bu, türkmən tarixindən bəhs edən layihədir. Filmdə türkmən mədəniyyəti, adət və ənənələrindən də bəhs edilir. Film türk coğrafiyasında - Monqolustanda, Türkiyənin Konya, Kayseri, Ərzurum bölgələrində, həmçinin Ərbil və Kərkükdə çəkilib. Bir çox dillərə tərcümə ediləcək, beynəlxalq film festivalı və müsabiqələrinə gedəcək. Hətta filmin kitabı da yazılıb. Çünki ilk dəfə türkmənlərin tarixindən bəhs edən belə bir sənədli film çəkilib. Onu da qeyd edim ki, filmdə Azərbaycan da daxil olmaqla türk respublikalarından da bəhs edilir. Düşünürəm ki, sənədli filmlər proqramlardan da önəmlidir. Çünki onlar qalıcı olur. Türk dünyasının birlik və bərabərliyini göstərən Çanaqqala savaşına həsr edilən sənədli film də çəkirik. 
   Televiziyada son nöqtə olmur, çünki texnologiya tez-tez dəyişir. Böyük işlər görəcəyimizə inanırıq. Hazırda Türkməneli TV tanınmış bir televiziyadır. Bu da gördüyümüz işlərdən qaynaqlanır. Türkiyə Böyük Millət Məclisindən qonaqlar dəvət edirik, türkmən davası ilə bağlı adamları ekranlara çıxarırıq. Kərkükün gerçək sahibləri türkmənlərdir. Biz də bu televiziya vasitəsilə xalqımıza dəstək veririk. 
   
   - Gələcəkdə başqa türk respublikalarında da büro açmağı planlaşdırırsınızmı?
   - Hələlik yalnız Türkiyədə təmsilçilik var. Əgər gələcəkdə imkanlar yaxşı olarsa, başqa yerlərdə də aça bilərik. Məsələn, bu baxımdan Azərbaycan arzuladığımız ölkədir. Biz eyni millətik. Qeyd etdiyim kimi, Türkməneli TV-də Azərbaycanın televiziya proqramlarını da göstəririk. TRT-də isə tanınmış Azərbaycan sənətkarı Azərinlə proqramlar hazırlayırıq. Çox gözəl bir işbirliyimiz var. Xocalı faciəsi ilə bağlı Ankarada keçirilən bütün anım tədbirlərini çəkib göstəririk. Bundan başqa, mütləq studiyamıza bir azərbaycanlı qonaq dəvət edir, tamaşaçılarımıza hadisəni anladırıq. 
   Təmsilçilik açıldığı gündən bəri burada çalışıram. Çox kiçik otağa yerləşmişdik. Az imkanlarla başladıq. Amma bu gün burada önəmli işlər ortaya qoyuruq. Hazırda Türkiyədə xeyli sayda türkmən yaşayır. Onların burada yaşamalarına heç bir əngəl yoxdur. Türkiyə hər zaman türkmənlərin yanında olmuş və buna davam edir. Harada bizim problemimiz var, ilk öncə yardıma gələn türklər olur.
   
   Mehparə Sultanova
   Ankara