“Aktyor sənəti amansız peşədir, o, heç vaxt vəfalı olmur və səni hər cür sınayır”

 

Elə adamlar var ki... Nöqtələrin yerinə hər kəs nələrsə yaza, hisslərini sözlərə ifadə edə bilər. Amma mənim üçün o, ən əvvəl böyük şəxsiyyətdir. Sənətkarlıq məziyyətləri, istedad, peşəkarlıq və sair xüsusları ondan sonra gəlir. Həqiqət budur ki, insan şəxsiyyətə çevriləndə sənətkar da olur, şöhrətə də yetir.

Müsahibim məşhur teatr və kino aktyorumuz, Xalq artisti, ADMİU-nun Səhnə danışığı kafedrasının müdiri professor, Prezidentin fərdi təqaüdçüsü Məmmədsəfa Qasımovdur.

 

– Məmmədsəfa müəllim, necəsiniz?

– Çox sağ olun, yaxşı, min şükür.

 

– Hiss olunur, son səfər sizin üçün maraqlı olub.

– Bəli, çox gözəl oldu. Bu günlərdə Mədəniyyət Nazirliyinin xətti ilə Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərində Yuğ Dövlət Teatrı heyətində mən də iştirak etdim. Repertuarımızdakı “Mənəm... mən” tamaşası ilə çıxış etdik. Möhtəşəm, isti, sevgi dolu münasibətlər fonunda, özü də Orta Asiyanın ürəyi sayılan Özbəkistanda belə bir zəngin səfər təəssüratına görə əməyi olan hər kəsə təşəkkür edirəm. Məndə belə xoş təəssürat hələm-hələm yaranmır. Onu da deyim.

 

– Həyat və sənət fəaliyyətiniz üç istiqamətə bölünür: teatr, kino və pedaqogika. Tərəziyə qoysaq, hansı ağır gələr?

– (Gülür). Siz bölgü apardınız. Yəqin kənardan belə görünür. Amma mən, inanın ki, bu bölgünü heç vaxt etmirəm və hər birinə bütün canımla, ruhumla bağlı olmuşam. Təki onların hər birində məndən nəsə olsun. Amma mən aktyoram, aktyor sənəti ilə məşğulam və belə də qalacam. Teatrda da, kinoda da, siz dediyiniz üçüncü xətt olan pedaqogikada da mən yenə də aktyor sənətimlə məşğulam. İnanın, mən tələbə ilə işləyəndə də aktyor kimi işləyirəm. Elə hesab edin ki, öz üzərimdə işləyirəm, özümü ortaya qoyuram. Bu mənada tələbə ilə iş mənim üçün çox maraqlıdır. Xüsusən son illər. Çünki çalışdığım universitetdə təhsil sahəsində maraqlı addımlar atılır, fərqli layihələr icra olunur. Müşahidə etsəniz, simpoziumlar, festivallar, tərəfdaş ali təhsil ocaqları ilə birgə təşəbbüslər kimi əhəmiyyətli addımlar atılır. Sözsüz ki, bu da hər birimizə stimul verir.

 

– Müsahibələrinizin birində “Teatrda öyrəndiklərimi kinoda xərclədim” demisiniz. Teatrı kino üçün məktəb də hesab edənlər də var. Sizcə, nə qədər haqlıdırlar?

– Haqlıdırlar. Çünki teatr böyük mənada tamaşaçı ilə canlı ünsiyyət, var olma, mütəmadi olaraq bu halın qırılmaz şəkildə bağlanmasıdır. Özümlə bağlı deyə bilərəm ki, teatrda var olmaq, tamaşaçı ilə işləmək, ünsiyyətdə ola bilmək, tərəf-müqabilini hiss etmək mənə digər sahələrdə çox yaxından kömək edir.

 

– Amma kinomuzda yaxşı aktyorlar vardı ki, 90-cı illərdə kinosuzluqdan teatra qayıtsalar da, o uğura çata bilmədilər. Eləcə də teatrdan kinoya gedənlərin heç də hamısı o iri plana, kameraya uyğunlaşa bilmədi. Bu tandemi necə yaratmaq olar?

– Düşünürəm ki, kinoda müvəffəqiyyət qazanmış böyük aktyor haçansa teatra qayıdır və o, uğur əldə edə bilmirsə, deməzdim ki, istedadsızdır, teatra yaramır. Amma düşünürəm ki, zamanında teatra bağlansaydı, bu proses paralel getsəydi, siz deyən o uğursuzluq da olmazdı. Yəni kinonun şöhrətinə qaçmamalı, teatrda da var olmalı idi. Çünki teatr səni hər an prosesdə, formada saxlayır. Sənin canlılığını, ünsiyyətini qoruyub saxlayır. Bu mənada teatr mənim üçün çox maraqlıdır. Amma onu da etiraf edim ki, mən kinonu daha çox sevirəm. İstər aktyor, istərsə də tamaşaçı kimi. 

 

– Bəlkə ona görə ki, sizi də kino geniş tamaşaçı auditoriyasına tanıtdı?...

– Hesab eləmirəm və söz ilə ifadə etmək də çətindir. Bu lap kiməsə sevginin ifadəsizliyinə bənzəyir.

 

– Amma nə edək ki, ilk rolunuzu oynadığınız “Köpək” filminin kinematoqrafik taleyi uğursuz oldu.

– Eh, o filmi çox gözlədim, çox, lap çox gözlədim və kəsdim atdım. Artıq özümə təlqin etdim ki, yoxdur, gözləmə. Kinonun ağır dönəmində kinoda olmaq başqa bir duyğu idi. Əslində, heç o zaman biz bunu dərindən hiss etmirdik də. Mən həmin dövrdə də, elə indi də heç o sual, təəssürat haqqında dərindən düşünmürəm. Bir anlıq 90-cı illərə, o ağır, fiziki və mənəvi savaşlardan çıxan ölkə insanlarının biri olan Məmmədsəfanın cavanlığına qayıdaq. Bir anlıq ora gedəndə də düşüncələr burulğanına düşürəm. Çünki bütöv şəkildə heç özümü ekranda təsəvvür belə eləmirdim. Vaxt olub, səsimdən belə çaşmışam ki, bu mənim səsimdir? Tələbə vaxtlarımızda belə sınaqları az da olsa edirdik. Amma kinoda, böyük ekranda təsvirimi heç görməmişdim. Heç sınaq çəkilişlərində də olmamışdım. Qulaq yaddaşımda səsim, gözümdə ekran təsvirim yox idi. Belə məqamda psixoloji cəhətdən çətin filmdə var ola bilmək, özü də böyük sənətkarlarla bir filmdə oynamaq mənim üçün unudulmaz idi. Həyəcan, məsuliyyət o film vaxtı çökdü qəlbimə. Kino ilə teatrda var olmaq arasında böyük fərqlər var və mən onu o filmdə böyük insan Tofiq Tağızadədən öyrəndim. Bu mənada operator Rafiq Quliyevin də, tərəf-müqabillərimin də böyük köməyi oldu. Amma elə onda da aktyorlarımız var idi ki, tərəf-müqabili qarşısında əyləşmir, özünü fərqli hiss etdirməyə çalışırdı.

 

– Deyəsən, bu tendensiya indi də var: “sənin planın çəkilir, özün oyna”.

– Bəli, var və qətiyyən qəbul edə bilmirəm. Bu da bir aktyor mədəniyyətidir və hesab edirəm ki, sən kimliyindən asılı olmayaraq, tərəf-müqabilinin qarşısında əyləşməli, səni çəkməsələr belə sən, ona kömək etməlisən. Bu bir yaradıcılıq tandemidir və bunu tərəf-müqabilindən əsirgəmək olmaz.

 

– Yəqin buna görə istisnasız və təmənnasız gənc rejissorların, tələbələrin diplom filmlərində də çəkilirsiniz. Kino, kamera üçün darıxırsız, yoxsa o gənclərə təkan verməyə çalışırsınız?

– Mədəniyyət və İncəsənət Universitetinin çox istedadlı tələbələri var. Kino, teatr, televiziya ixtisaslarında yetişən və onları yetişdirən peşəkar komanda da öz yerində. Düşünürəm ki, onların hər biri sabah kinomuzun, televiziyamızın, teatrımızın sütunları ola bilərlər. Bu gün o tələbələrin yanında olmaq, dəstək vermək hər bir peşəkar aktyorun borcudur. Elə düşüncəyə malik gənclərimiz var ki, qürur duyur insan. Bir-bir ad çəkmək istəmirəm, amma əksəriyyətinin diplom işlərində sevə-sevə çəkildim. Həmin məqamlarda bir neçə məni incidən nüansı da eşitdim. Sən demə, bir neçə aktyorumuz, hansıların ki fəxri adları, təminatları belə var, tələbələrdən o qısametrajlı filmlərində çəkilmək üçün fantastik məbləğlərdə qonorarlar istəyiblər. Hətta alanlar da var. Düşünürəm ki, tələbədən qonorar almaq olmaz. Əksinə, bacardıqca onlara kömək eləmək lazımdır. Bilirsiniz, pul bu gün var, sabah yoxdur. Amma o məbləğə görə tələbəyə kömək etməməyi heç bir həmkarıma yaraşdırmıram. Düşünürəm ki, hər birimiz tələbələrimizin arxasında dayanmalı, onlara dəstək olmalıyıq. Onlar buna layiqdirlər.

 

– Kino fəaliyyətinizin 30 ili tamam olur. Bu müddətdə kino Məmmədsəfaya nə verdi?

– Belə deyim, mən kinoya heç nə verə bilməmişəm. Heç nə! Çünki oynaya biləcəyim rollar hələ qarşıdadır. O da qismət olsa. İndi durum deyim ki, kinoda nə isə eləmişəm, yox. Qəribədir, heç can da  atmamışam ki, onu yox, bunu oynamaq istəyirəm. Soruşsanız ki, hansı  rolu, nəyi oynamaq istəyirsiniz, cavabım olmayacaq. Oynadığım rollar da hansısa bir formadasa məni tapıb, oynamışam. Amma duyğularım, varlığım, o daxili gücüm mənə deyir ki, görəcəyim işlər, əsl rollarım hələ qabaqdadır.

 

– Sənətdə şans anlayışına necə, inanırsınız?

– Bir şeyi bilirəm ki, teatr, kino bir bəxt, tale, qismətdir. Məsələn, Allah aktyora lazım olan bütün səhnə, sənət imkanlarını verə bilər, amma ona bəxt verməyəcəksə, nə olacaq?! Mənim üçün aktyor sənəti başdan-ayağa şans sənətidir.

 

– Bəs istedad, təcrübə, zəhmət...

– Onda sual yaranır: Allah sənə hər şey verir, bəxtdən başqa?

 

– Belə çıxır ki, Məmmədsəfa müəllimin sənətdə bəxti gətirib? Axı, belə deyil. Siz uzun və əzablı sənət yolu keçmisiniz.

– Əlbəttə, əzabsız, zəhmətsiz də heç nə olmur. Amma o qədər istedadlı və zəhmətkeş, şanssız aktyorlarımız olub ki… Bu mənada birmənalı olaraq düşünürəm ki, aktyor sənəti amansız peşədir. O, heç vaxt vəfalı olmur və səni hər cür sınayır.

 

– Bu kontekstdə yanaşanda özünüzü bəxti gətirmiş hesab edirsiniz?

– Adi aktyorlardanam və görə biləcəyim işlər hələ qabaqdadır. O da tale, bəxt, ömür qismət edib, vəfa qılsa…

 

– Kino obrazlarınız maraqlı, fərqli olub...

– Düşünürəm ki, o da aktyorun bir xoşbəxtliyidir ki, müxtəlif janr və formalarda özünü yoxlaya bilsin. Amma sən saydığını say, gör rejissor nə sayır. Komediyada da, dramda da, faciədə də oynaya bilərəm. Çünki onların hər birində özümü görürəm, hiss edirəm. Deyim ki, mən gözəl bir komediyada oynamaq istərdim. Qismət olsa.

 

– Amma ən çox Qarabağ mövzusunda filmlərdə uğur qazandınız. Tamaşaçı sizi, belə demək mümkünsə, məğlub dövrdə çəkilən “Dolu”da (2012) Komandir, Zəfərdən sonra çəkilən “Köhnə çamadanlar”da (2021) Şəhid atası kimi gördü.

– Hər iki film mənim üçün çox doğmadır. Çünki sevdiyim rejissorlarla maraqlı bir çəkiliş dövrü keçmişik və zövqlə oynamışam. Sevinirəm ki, hər iki iş mənim kino taleyimə toxuna, ona təsir edə bildi.

 

– Kinodan fərqli olaraq, teatr aktyor üçün özünüifadə mənasında hüdudsuz məkandır, yəqin...

– Bəli. Tamaşada nəyisə düzəltmək mümkündür. Bu oyunda nə isə doğru alınmırsa, növbəti tamaşada bunu mütləq həll edirsən. Bu mənada kinonun məsuliyyəti daha böyükdür. Peşmançılıq hissinin yaranmaması, “kaş belə edərdim”in olmaması üçün. Çünki bir dəfə çəkilir və bitir. Teatrda isə bunu həll eləmək olur.

 

– Hər iki halda aktyor sənəti asılı sənətdir və bəzən sənin oyununla rejissorun istəkləri üst-üstə düşmür.

– Mən özümü heç kimdən asılı hesab eləmirəm. Öz işimi görürəm, öhdəmə düşən vəzifəmi icra edirəm. Üstəlik, mənim üçün böyük-kiçik, xətir-hörmət, mənəvi-əxlaqi dəyərlər daha vacibdir. Həyatda da, sənətdə də əsas meyar budur. Amma bir məqam da var, mən sevmədiyim insanla nə teatrda, nə kinoda tərəf-müqabili olmaram. Öz prinsiplərim var və yəqin ki, məni tanıyanlar daim bunu nəzərə alırlar.

 

– Sənətdə dostlarınız çoxdur, yoxsa həyatda?

– Həyatda daha çoxdur. Bilmirəm, bu nə ilə bağlıdır. Heç vaxt kiminləsə öcəşməmişəm, rəqabətə girməmişəm, mizan-tərəzini qırmamışam. Öz işim ilə məşğul olmuşam. Zatən dərindən dərk edəndə aktyor sənəti dəhşətli dərəcədə ağır, çətin sənətdir. Arada mənə elə gəlir ki, deyəsən, heç yerimdə deyiləm, bu sənəti düz seçməmişəm. Söhbət təkcə peşədən yox, münasibətlər, hansısa bir məsələdə özünü tapa bilməkdən gedir. Bəzən düşünürsən ki, orada olmamalıydımsa, niyə gedib çıxdım?  Anam həmişə deyərdi ki, bu peşə sənlik deyil. İndi də bu fikirdədir. Hərdən düşünürəm ki, gərək zamanında ona qulaq asardım.

 

– Nədir bu qənaətin səbəbi?

– Mən bilmirdim bu peşə bu qədər məsuliyyətli, bu qədər çətindir. Bilməzdim ki, onun alternativi yoxdur. Bu çətinlikləri anlasaydım, bəlkə də o yaşımda qorxar və bu sənətə gəlməzdim.

 

– Lap Yuğ poetikasına uyğun danışırsınız. Məkan, ruh, qutsal hisslər və var olmaq... Niyə məhz Yuğ və Vaqif İbrahimoğlu? Niyə bir tələbə məhz bu üslubu, çətin, vədsiz yolu seçsin?

– Bu da bir təsadüfdür. Günlərin bir günü müəllimim İsrafil İsrafilov çağırdı və “Tutursunuz Vaqif müəllimin ətəyindən, özü də buraxmırsınız. Sizi istədiyiniz bütün məqamlarla müəllim özü aparıb çatdıracaq” dedi. İlk dəfə Vaqif müəllim bir tamaşamıza baxdı və oradan bizə məşqlərinə qatılmaqla bağlı təlimat verdi. O zamandan başladı təmasımız. Onu da deyim ki, uzun müddət müəllimin dediklərini edə bilmirdim. Anlayırdım, amma bu az idi. Başa düşdünsə, göstərməlisən axı. Hətta bir gün gəlib dedim ki, “Vaqif müəllim, sabahdan məşqə gəlməyəcəm”. Niyəsini xəbər alanda da edə bilmədiyimi bildirdim. Cavabı “qələt edirsən” oldu və o gündən bağlandıq, müəllimlə qaldıq. Və nə yaxşı ki qaldıq, qaldım.

 

– Bu mənada Yuğ teatrı sizin üçün nədir?

– O zamandan məndə formalaşıb qalan dəyərlərdir. Vaqif müəllim, həqiqətən, böyük  insan, sənə dəstək ola bilən varlıq idi. Hər anımızda yanımızda olub. Bunu daim hiss etmişik. Rejissordan əvvəl o, qardaş, ata idi. Onda Yuğ da başqa, böyük bir kollektiv idi. Amma bu da bir dövr, zaman idi.

 

– Aktyor kimi özünüifadə qəlibsizliyi mənasında da soruşuram...

– Bu teatr mənim üçün teatrdan daha çox bir kino estetikasıdır. Yeganə məkandır ki, tamaşaçı ilə üz-üzə, göz-gözəsən. Qaçmaq mümkün deyil. Tamaşaçının gözündə iri plandasan. Bu teatr elə bil ki, kinoya bir qapı idi mənim üçün. Bu gün də belədir və onun teatr variantını, estetikasını özüm üçün müəyyənləşdirməmişəm. Bəlkə də bu məkanın balaca olmasından, tamaşaçı ilə yaxın ünsiyyətindən irəli gəlir. Yəqin tale, qismət də belə gətirib ki, bizə belə kiçik, dar məkanlar nəsib olub. Heç vaxt iri, akademik teatrların binaları kimi binalarımız, tamaşaçı ilə o teatrlardakı kimi məsafəmiz olmayıb. Bu mənada Yuğ mənim üçün digər teatrlardan köklü şəkildə fərqlənib.

 

– Özünüzü böyük səhnədə təsəvvür etmirsiniz?

– Mən hər hansı səhnədə oynaya bilərəm və oynamışam da. Tamaşaçı ilə üz-üzə oturmaq problemim də yoxdur. Amma çox istərdim ki, bizim də rahat, işləmək üçün əlverişli səhnəmiz, zalımız olsun. İnanın, arada elə fiziki əzab çəkirəm ki, az qalıram tamaşanı yarımçıq qoyub gedim. Sözsüz ki, Mədəniyyət Nazirliyi, dövlətimiz teatrları diqqət mərkəzində saxlayır və mümkün şəraiti yaradır. Biz artıq 8 ildir ki, Dövlət Kukla Teatrında məskunlaşmışıq. Bu teatrdan narahatlığımız, narazılığımız yoxdur. Amma çətindir. İnanıram ki, yaxın zamanda bu məsələ həll ediləcək və biz öz üslubumuza, poetikamıza, janrımıza uyğun tamaşa yaradıcılığımızı özümüzə məxsus məkanımızda davam etdirəcək və daha yaxşı tamaşalar hazırlayacağıq. Vaqif müəllimin təkcə bizə yox, xalqımıza mirası olan bu teatr, dövlətin teatrı özünün daimi məkanını tapacaq. Buna çox inanıram.

Söhbətləşdi: Həmidə Nizamiqızı