İncəsənətlə idmanı birləşdirən bəlkə də yeganə oxşarlıq yarışdır. Əslində, bu müqayisə də bir qədər yersizdir. Çünki sənət, xüsusən də səs yarışmasına qoşulan hər kəsin qələbəsi təkcə fiziki və mənəvi hazırlıqdan deyil, həm də hər hansı səbəbdən ifaçının iradəsinə tabe olmayacaq əlahəzrət SƏSin öz sahibinin planlarını pozmaq şıltaqlığından asılıdır. Onda “həmin gün sənin günün deyilmiş” sayaq ifadələrlə özünü və səndən qələbə gözləyənləri sakitləşdirməkdən başqa çarə yoxdur.

Yenicə başa çatmış Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin qalibləri bu yarışma zamanı səslərindən xəyanət görməyənlərdir. Şuşadakı qala-konsertdən öncə fürsət tapıb onların bir neçəsi ilə söhbət etdik.

 

Sevimli Arlanın anası Leyla

 

Biz Şuşaya gedəndə avtobusda maraqlı sürprizlə rastlaşdıq. Gənc bir xanımın qucağında balaca, toppuş oğlan var idi. Gördüyü hər şeyi, hər kəsi maraqla seyr edir, tanımadığı adamların ona ünvanlanan nəvazişinə ciddi baxır, onu dindirənlərə xəsisliklə gülümsəyirdı. Tanış oluruq: 1 yaş 2 aylıq igidin adı Arlandır, Qazaxıstandan olan iştirakçılar Sultan Bakıtjan və II mükafatın sahibi Leyla Alamanovanın oğludur. Leyla hələ də sərbəst yeriməyən və danışmayan övladı qucağında müsabiqəyə qatılıb və II mükafatı qazanıb:

– Hazırda Astana Beynəlxalq Opera Akademiyasında təhsilimi bitirmək üzrəyəm. Bundan əvvəl dörd il İtaliyada yaşamışıq. Əvvəlcə Pezaro şəhərindəki Rossini Konservatoriyasında magistr təhsili almışıq, sonra da Ozimo şəhərində vokal akademiyasında oxumuşuq. Çox böyük pedaqoqlardan dərs almışıq. Arlan Ozimoda dünyaya gələndən bir neçə ay sonra Qazaxıstana qayıtdıq. Astana Beynəlxalq Opera Akademiyasına daxil olduq. Həyat yoldaşım artıq Astana Opera və Balet Teatrının solistidir. Ümid edirəm ki, mən də tezliklə teatrda solist olaraq çalışmağa başlayacağam.

 

– Siz İtaliyada tanış olmusunuz?

– Astanada universitetdə oxuyanda tanış olmuşuq. Təhsilimizi bitirən kimi evləndik və İtaliyaya getdik. İndi birlikdə tamaşalarda, konsertlərdə çıxış edirik.

 

– Arlan da sizi hər yerdə müşayiət edir. Bakıdan Şuşaya və geriyə təxminən yeddi saatlıq yoldur. Göz dəyməsin, Arlan özünü çox yaxşı, təmkinlə apardı…

– Oğlum biraylıq olanda mən artıq səhnədə idim. O bizimlə az qala bütün Qazaxıstanı gəzib, hətta İtaliyaya da gedib. Düzdür, valideynlərimiz bizə çox kömək edirlər. Bu dəfə də atam bizimlə Bakıya gəlmişdi. Müsabiqə başa çatanadək Arlanla daha çox o, vaxt keçirdi ki, mənim fikrim yarışmadan yayınmasın. Valideynin yanında rahat olursan, bilirsən ki, qayğını çəkən var.

 

– Müsabiqə sizin üçün necə keçdi?

– Müsabiqə çox yaxşı təşkil olunmuşdu. Çox güclü səslər yığışmışdı Bakıya. Düzdür, bu dəfə Sultanın bəxti gətirmədi, ikinci tura keçə bilmədi. Azərbaycan o qədər xoşumuza gəldi ki, özümüzü doğma məkanda hiss etdik. Elə bil ki, ölkənizdə dəfələrlə olmuşuq. İnsanlar çox qonaqpərvər, Bakı, Şuşa çox gözəldir. Ümid edirik ki, tezliklə yenə yolumuz Bakıya düşəcək.

 

Kler xanım üçün kompliment

 

Qran-pri mükafatçısı, kanadalı Kler Kulen (soprano) müsabiqə boyu təkcə səsi, mükəmməl ifa tərzi ilə seçilmədi. Yaşıl gözləri nefrit kimi bərq vuran bu qıvrımsaçlı yaraşıqlı qız həm də sakit təbiəti ilə yadda qaldı. Bəlkə də fikirləşərsiniz ki, ünsiyyət məhdudiyyəti var idi, ona görə. Amma yox. Finalçıların, demək olar ki, hamısı ingiliscə, italyanca sərbəst danışırdı. III yeri qazanmış Yuliya Sitnikova isə sanki Klerin tərcüməçisi idi. Elə Klerdən müsahibəni də Yuliyanın köməyi ilə aldıq.

 

– Kler, əvvələn, sizi bu qələbə münasibətilə təbrik edirəm.

– Çox sağ olun.

 

– Üstəlik, siz indiyədək Bülbül adına müsabiqədə ən uzaqdan gələn ilk iştirakçısınız. Müsabiqə barədə haradan və necə məlumat aldınız?

– Anam Yusif Eyvazovun pərəstişkarıdır. Onun sosial şəbəkə hesablarını izləyir. Yusif Eyvazov müsabiqə barədə öz hesabında yazmışdı; anam da mənə təklif etdi ki, özünü sına. Müsabiqə barədə məlumat toplayandan sonra qərara gəldim ki, özümü sınayım.

 

– Təxminən hansı mükafatı qazanmağı düşünürdünüz?

– Əslində, fikirləşdim ki, yaxşı hazırlaşım, nə olacaqsa, o da olacaq. Qran-priyə gəlincə, bu, mənim üçün çox yaxşı sürpriz oldu.

 

– İndiyədək müsabiqədə iştirak etmişdiniz?

- Bəli, bir neçə müsabiqəyə qatılmışam, mükafat da qazanmışam. Amma Bülbül müsabiqəsindəki Qran-pri mənim ən böyük qələbəmdir.

 

– Harada təhsil almısınız, hansı teatrda çalışırsınız?

– ABŞ-də Manhetten Musiqi Məktəbində (adı məktəb olsa da, dünyanın ən güclü konservatoriyalarından sayılır - müəl.) təhsil almışam. Neçə ildir ki, Milanda yaşayıram. Avropanın bir neçə opera teatrı ilə müqaviləm var. Amma son zamanlar Şanxay Böyük Teatrında daha tez-tez çıxış edirəm.

 

– Bakı, Azərbaycan barədə təəssüratınızı bilmək istərdim?

– Təəssüf ki, Yusif Eyvazovla şəxsən söhbət etmək imkanım olmadı (gülür). Müsabiqə günlərində Bakını gəzməyi çatdırmadım, sadəcə, yeməklərinizdən böyük zövq aldım. Amma Şuşanın təbii gözəlliklərini görəndən sonra bir neçə gün də Bakıda qalıb istədiyim qədər şəhəri gəzəyəcəm.

 

– Kler, indiyədək sizə deyiblər ki, gözlərinizdən və baxışınızdan Vivyen Liyə (görkəmli İngiltərə və ABŞ kino və teatr aktrisası) bənzəyirsiniz?

– Oooo... İndiyədək belə gözəl kompliment heç eşitməmişdim…   

***

 

“Bakıda son tikəni, axırıncı qəpiyi də sənə verərlər…”

 

III mükafatı qazanmış Yuliya Sitnikova da həvəslə suallarıma cavab verir:

– İlk dəfədir ki, sənət yarışında laureat adı qazanıram. Müsabiqələrdə iştirak adamdan xüsusi emosional ovqat tələb edir. Mən açılışda Yusif Eyvazovun iştirakçılara psixoloji dəstəyini hiss edəndə ürəkləndim. Çünki məndən ötrü bütöv tamaşanı oxumaq, həmin operadan ariyanı ayrıca oxumaqdan daha rahatdır. Bu dəfə qarşımda heç bir dəqiq məqsəd qoymamışdım. Öz-özümə demişdim ki, mən salona toplaşanlar üçün oxuyacağam və musiqidən zövq alacağam. Demə, müsabiqədə ən düzgün iştirak üsulu elə bu imiş.

 

– Yuliya, harada təhsil almısınız, ustadınız kimdir?

– Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzində Maklava Kasraşvilidən dərs almışam. Hazırda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında yenə onun sinfində staj keçirəm. Nijeqorod Opera və Balet Teatrının solistiyəm. Müsabiqə ərəfəsində “Gelikon-Opera”nın gənclər proqramında dinləmədən uğurla keçdim. Qarşıdakı teatr mövsümünü həvəslə və həyəcanla gözləyirəm.

 

– Lap yaxşı. Nə qədər özünüzü sakitləşdirsəniz də, hər halda, Bakıya gəlişinizdən gözləntiniz var idi…

– Mən fikirləşmişdim ki, müsabiqə öz yerində, həm də mövsüm ərzindəki gərginliklərdən sonra bir qədər dincələrəm. Müsabiqəni fikirləşə-fikirləşə Bakını gəzərəm, ləzzətli yeməklər, ən əsası, paxlava yeyərəm. Sizin paxlavanın bütün növlərindən ötrü ürəyim gedir.

 

– Bakıda sizi ən çox təsirləndirən nə oldu?

– Bu şəhərdə hər kəs köməyə gəlməyə hazırdır. Bir tanışımla görüşməliydim. Avtobus dayanacağında xəritəyə baxıb yanımdakı qadından soruşdum ki, ora necə gedə bilərəm? Məlum oldu ki, avtobus kartla işləyir, mənim isə yalnız nağd pulum var. Həmin qadın mənim avtobusumu gözlədi, məni avtobusa mindirib gediş haqqımı da ödədi və düşdü… Mən bilirəm ki, ödənilən pul böyük məbləğ deyildi, amma hər halda, bu, xeyirxahlıq, qonaqpərvərlik jesti kimi yadımda qaldı. Bakıda hərdən mənə elə gəlirdi ki, istəsəm, adamlar son tikələrini, axırıncı qəpiklərini mənə verərlər, heç arxasını düşünməzlər.

 

“Bu, mənim ilk və son müsabiqəmdir”

 

Müsabiqənin diplomantı Nadejda Meyer incə görkəminə yaraşan tərzdə nazla danışır, danışanda da üzündən təbəssüm əskik olmur.  

– Həştərxan Opera və Balet Teatrında işləyirəm. Həştərxandan Bakıya birbaşa təyyarə reysi də var ki, bu şərt mənim səfərimi xeyli asanlaşdırdı.. 

 

– Nə yaxşı…

– Həştərxanın ən iri küçələrindən biri Heydər Əliyevin adını daşıyır. Şəhərdəki xeyli azərbaycanlı ilə şəxsi tanışlığım da var.

 

– Deməli, Bakıya gəlməmişdən öncə müəyyən təəssüratınız formalaşıb. Əvvəllər hansısa müsabiqədə iştirak etmisiniz?

– Yox. Bu müsabiqə mənim ilk və son müsabiqəmdir.

 

– İlki başa düşdük, amma niyə son?

– Mən yarışmağı sevmirəm, tamaşaçı üçün oxumağı sevirəm. Fikirləşirdim ki, Bakıya gələcəyəm, müsabiqədə iştirak edəcəyəm, özüm kimi gənc vokalçılarla tanış olacağam, Bakını gəzəcəyəm, milli yeməklərinizin dadına baxacağam, vəssalam. Amma turdan tura keçə bilməyim özüm üçün də sürpriz oldu. Azərbaycan dilində “Ulduz” romansını oxudum. Konsertmeyster Rebeka Maqomedova (müsabiqənin şərtinə görə, konsertmeystersiz gələn iştirakçılara akompanianator təyin edilir - müəl.) ilə ilk dəqiqədən elə gözəl anlaşdıq. Üçüncü tura keçəndən sonra anladım ki, qələbənin bir addımlığındayam, xoşbəxtəm. Ürəyimdə dedim ki, üçüncü turda yalnız tamaşaçılar üçün oxuyağacam: gözəl musiqidən həm özüm zövq alacağam, həm də onlara bu zövqü yaşadacağam, heç münsiflər tərəfə də baxmayacağam.

 

Aleksey üçün “Ulduz”

 

Aleksey Yurkovski N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının məzunudur. Nijeqorod Opera və Balet Teatrının solistidir.

–  Çox şadam ki, bəxtimə Bülbül müsabiqəsində iştirak şansı düşdü. Mən öz konsertmeysterim Natalya Zaytseva ilə gəlmişdim. Bayaq Nadyanın, digər iştirakçıların müsabiqə, Bakı, azərbaycanlılar haqqında söylədikləri xoş fikirləri dəstəkləyirəm. Səhnəyə çıxanda heç müsabiqə həyəcanı hiss etmədim.

 

– Siz “Ulduz” romansının ifasına görə mükafat aldınız...

–  Bəli, II turda Bülbülün repertuarındakı Azərbaycan bəstəkarlarının bir əsərini oxumalıydıq. Mən “Ulduz” romansını seçdim. Əsər mənim çox xoşuma gəlmişdi. Müsabiqədən sonra münsiflər heyətinin üzvü Dinarə Əliyeva mənə dedi ki, indiyədək  müsabiqənin heç bir əcnəbi iştirakçısı bu romansı belə düzgün ifa etməyib.

 

– Qala-konsertdə necə, “Ulduz”u ifa edəcəksiniz?

– Təəssüf ki, mənim konsertmeysterim artıq Bakını tərk edib. Amma qərara gəlmişəm ki, “Ulduz” mənim repertuarımda qalacaq, onu konsertlərdə ifa edəcəyəm.

***

 

“Sevgili canan” ürəyimdə qalmışdı…

 

Mariinski Teatrının Vladivostok səhnəsinin solisti Samirə Həlimova ilə həmsöhbət olana qədər onun soyadını Qalimova kimi yazmışdım. Bu da təbiidir. Simasından türk olduğu bilinən vokalçının həm tatarlar, həm də başqırdlar arasında geniş yayılmış bu soyadın daşıyıcısı olması təbii idi. Amma IV mükafatın laureatı Samirə söhbətə elə məqamdan başladı…

– Sankt-Peterburqda doğulub böyümüşəm. Atam azərbaycanlı, anam başqırddır.

 

– Ay, nə gözəl! Bəs soyadınız?...

– Atam Qəbələdəndir, soyadı da Həlimov. Sadəcə, rus dilində onu Qalimov yazaraq başqırd soyadına oxşadıblar.

 

– Belədə güman edə bilərəm ki, sizin Azərbaycan musiqisi, Bülbül haqqında məlumatınız əvvəldən olub?

– Əlbəttə! Təxminən yeddi il olar ki, müsabiqə haqqında məlumatlıyam. Atam da Bülbül haqqında xeyli danışmışdı deyə müsabiqəyə qatılmağa çox həvəsliydim. Hətta iki dəfə müraciət etmişdim, amma keçə bilməmişdim. Bu, mənim üçüncü cəhdim idi.

 

– Atalar üçdən deyib…

– Hə, üçüncü cəhdim mənə uğur gətirdi, qismət indiyə imiş. Bilirsiniz, mən bir dəfə də Müslüm Maqomayev adına müsabiqəyə qatılmışdım. Orada da ikinci turda Azərbaycan bəstəsi oxumaq lazım idi. Mən də “Sevgili canan”ı öyrənmişdim. Təəssüf ki, ikinci tura keçə bilmədim deyə, romansı səhnədən oxumaq arzum ürəyimdə qaldı. Bu dəfə də “Sevgili canan”ı proqrama saldım. Qarşıma məqsəd qoymuşdum ki, ən azı, II tura çıxıb “Sevgili canan”ı auditoriya qarşısında oxumalıyam! Axır ki, arzuma çatdım!...

 

– Teatrda işləriniz necədir?

– Üç ildir ki, Vladivostokda işləyirəm. Mən teatra gələndə repertuarda “Yarasa” operettasının adını görəndə, öz-özümə dedim ki, Allah eləməsin, məni bu tamaşaya daxil etsinlər. Çünki əsərdə danışıq, rəqs də çoxdur, mənim də təcrübəm az, necə bacararam? Amma qorxduğum başıma gəldi: teatra qəbul olunan kimi məni “Yarasa”da Adel roluna təsdiq etdilər. Tamaşa repertuarda olduğundan cəmi üç məşqdən sonra səhnəyə çıxdım.

 

– Bəs indiyədək hansısa müsabiqədə iştirak etmisiniz?

– O qədər… Sayını itirmişəm. Ötən il Lemeşov adına müsabiqədə birinci oldum. Amma beynəlxalq səviyyədə ilk böyük qələbəmi indi qazanıram.

 

– Deməli, yarışmağı sevirsiniz?

– Müsabiqədə, ilk növbədə, özünə, öz qorxularına qalib gəlirsən, yeni dostlar tapırsan, hətta deyərdim ki, adamın əsəbləri də möhkəmlənir.

 

– Sizə uğurlar! Qələbə sorağınız digər müsabiqələrdən gəlsin!

– Təəssüf ki, laureat olduğun müsabiqədə təkrar iştirak etmək olmaz. Yoxsa, yenə Bülbül müsabiqəsinə qatılardım.

 

Stepan bizim kürəkən imiş

 

Birinci mükafatın iki sahibindən biri D.Şostakoviç adına Samara Opera və Balet Teatrının solisti Stepan Volkov ilə tanışlıq da sürprizsiz ötüşmədi.

– Bülbül adına müsabiqədə iştirak etmək və qalib gəlmək mənim üçün çox şərəflidir. Məni həvəsləndirən həyat yoldaşım oldu. Bilirsiniz, yoldaşım azərbaycanlıdır. Onun vətənində olmaq, ona doğma olan musiqini, mədəniyyəti daha yaxından tanımaq arzum idi. Bu müsabiqədə qələbəmi Azərbaycana, bir də həyat yoldaşıma həsr edirəm. 

Stepan həyat yoldaşını təqdim edən kimi, müsahibənin istiqaməti dəyişir və onlar suallarıma ikilikdə cavab verirlər.

Yekaterina: Mən, Yekaterina Məmmədova, Stepanın həyat yoldaşıyam. Atam Kürdəmirin Mollakənd kəndindəndir. Ovaxtkı SSRİ-də hərbi xidmətini Rusiyada keçəndə bir rus qızı ilə tanış olub, bir-birlərini sevib evləniblər. Həmin nikahdan mən doğulmuşam. Atamın qohumları ilə çox yaxşı münasibətimiz, gediş-gəlişimiz var. 

Çoxdan arzu edirdim ki, Stepan bu müsabiqəyə qatılsın. Bu həm də mənim daşıyıcısı olduğum mədəniyyətə bir qədər də yaxınlaşmaq deməkdir. Müsabiqənin ikinci turunda Stepan “Ulduz” romansını oxuyanda onun çıxışını çəkib atama, bütün ata qohumlarıma göndərdim. Dil mühitim olmadığından, evdə Azərbaycan dilində danışmadığımız üçün dili bilməsəm də, özümü ruhən, qəlbən azərbaycanlı hesab edirəm.

 

– Stepan, deyəsən, “Ulduz” romansının üzərində çalışmaq sizə çətin olmayıb?

– Ata mənə çox kömək etdi, mətni başa saldı, tələffüzüm üzərində çalışdı. Maraqlıdır ki, peşəkar musiqiçi, müğənni olmasa da, hətta hansı saiti, hansı samiti necə tələffüz etmək lazım olduğunu da aydın izah etdi.

 

– Bəs siz necə tanış olmusunuz?

Stepan: Teatrda. Beş ildir ki, ailəliyik.

Yekaterina: Mən Samara Opera və Balet Teatrında bədii rəhbərin köməkçisiyəm. Teatr menecmenti üzrə təhsil almışam. Orta musiqi təhsilim də var. Əsasən prodüserlik fəaliyyəti ilə məşğul oluram.

***

Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsi artıq tarixi fakta çevrildi. Ölkəmizə yaxın-uzaq xaricdən təşrif buyurmuş, Azərbaycanı mükafatla, yaxud əliboş tərk edən iştirakçıların yaradıcılıq bioqrafiyasında özünəməxsus yer tutacaq. Ümidvarıq ki, nailiyyətindən asılı olmayaraq, hər kəs Bülbül müsabiqəsini düşünəndə belə bir etiraf etsin: Nə yaxşı ki, yolum Bakıdan düşdü...

Gülcahan Mirməmməd
Şuşa – Bakı

P.S. Müsabiqədə iki I yerdən birini tutmuş və “Ən yaxşı tenor” mükafatına layiq görülmüş vokalçımız, Akademik Opera və Balet Teatrının solisti Atəş Qarayevlə də söhbətləşməyi unutmamışıq. Qəzetimizi izləyin.