Azərbaycan
21 oktyabr 1932 - Xalq şairi, ədəbiyyatşünas, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 - 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatında iştirak edib, 1990-cı ilin 20 Yanvar qırğınından sonra həbs edilib, 9 ay Moskvada Lefortovo həbsxanasında saxlanılıb. 1995-ci ildə (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif olunub. Kitabları: “Hara gedir bu dünya”, “Məndən başlanır vətənim”, “Davam edir 37”, “Türkün dünyası” və s.
21 oktyabr 1932 - Ustad sənətkar, aşıq Kamandar (Əfəndiyev Kamandar Həmid oğlu, 1932 - 25.10.2000) Borçalı mahalında - Gürcüstanın Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olub.
21 oktyabr 1935 - Ədəbiyyatşünas alim, professor, Prezident təqaüdçüsü Fəridə Ağaəli qızı Vəlixanova anadan olub. Azərbaycanda tərcüməşünaslıq elminin ilk tədqiqatçısıdır.
22 oktyabr 1919 - Bəstəkar Ərtoğrul Hüseyn oğlu Cavid (1919 - 14.10.1943) anadan olub. Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, N.Rəfibəylinin “Eşq olsun” şeirinə romans və mahnılar bəstələyib. Azərbaycan xalq mahnılarını nota köçürüb.
22 oktyabr 1921 - Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev (1921 - 1.3.2005) İrəvan şəhərində doğulub.
22 oktyabr 1920 - Nasir Məmməd Aranlı (Məmməd Salman oğlu Ağayev; 1920-1950) Ağcabədidə anadan olub.
22 oktyabr 1940 - Əməkdar jurnalist, tərcüməçi, publisist Mailə Muradxanlı (1940 - 12.6.2010) anadan olub.
22 oktyabr 1970 - Azərbaycanda kukla teatrının yaradıcılarından biri, aktyor, rejissor Molla Ağa Bəbirli (15.9.1905 - 1970) vəfat edib. “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib.
23 oktyabr 1940 - Azərbaycan Rəssamlar İttifaqının birinci (təsis) qurultayı işə başlayıb.
23 oktyabr 1953 - Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (1953 - 30.9.1991) Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Xalq mahnıları, muğam və təsniflərin mahir ifaçısı olub. Avtomobil qəzasında dünyasını dəyişib.
23 oktyabr 1944 - Xalq artisti Lyudmila Semyonovna Duxovnaya anadan olub. 1963-cü ildən S.Vurğun adına Dövlət Rus Dram Teatrında çıxış edir.
24 oktyabr 1993 - Görkəmli muğam ustası, qəzəlxan-şair, Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynov (19.3.1919 - 1993) vəfat edib. A.Zeynallı adına Musiqi Məktəbində dərs deyib, xanəndələr yetişdirib.
24 oktyabr 1882 - Böyük şair-dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 1882 - 5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.
Dünya
21 oktyabr 1790 - Fransız romantik şairi Alfons de Lamartin (1790-1869) anadan olub.
21 oktyabr 1833 - İsveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel, 1833-1896) Stokholmda doğulub.
21 oktyabr 1945 - Rus kinorejissoru və aktyoru Nikita Mixalkov anadan olub. Çəkdiyi filmlər: “Qara gözlər”, “Günəşdən yorulmuşlar” (“Oskar” mükafatı, 1994), “Urqa - məhəbbət ərazisi”, “Sibir bərbəri” və s.
22 oktyabr 1811 - Macar bəstəkarı Ferens List (Ferenc Liszt; 1811 - 31.7.1886) anadan olub. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası, “Prelüdlər”.
22 oktyabr 1844 - Yəhudi əsilli məşhur Fransa aktrisası Sara Bernar (Sarah Bernhardt - Henriette Rosine Bernard, 1844-1923) anadan olub.
22 oktyabr 1870 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1933) İvan Bunin (1870 - 8.11.1953) anadan olub. 1920-ci ildə Fransaya mühacirət edib. Əsərləri: “Qafqaz”, “Lənətlənmiş günlər”, “Arsenyevin həyatı”, “Günəş zərbəsi”, “Qaranlıq xiyabanlar” (hekayələr).
22 oktyabr 2001 - SSRİ Xalq artisti Georgi Vitsin (18.4.1917 - 2001) vəfat edib. Məşhur filmləri: “Qafqaz əsiri”, “I” əməliyyatı”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi” və s.
22 oktyabr 1919 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007) Doris Lessinq (Doris Lessing; 1919 - 17.11.2013) İranın Kirmanşah şəhərində doğulub. Atası İranda ingilis ordusunun zabiti olub. Əsərləri: “Kanopus Arqosda” romanlar seriyası, “Beşinci uşaq”, “Nəcib terrorçu” və s.
23 oktyabr 1817 - Fransız ensiklopediyaçısı, XIX əsrin ən böyük (17 cild) ensiklopedik lüğətinin tərtibçisi Pyer Larus (Pierre Athanase Larousse, 1817-1875) anadan olub.
23 oktyabr 1904 - Rus rəssamı və filosofu Svyatoslav Nikolayeviç Rerix (1904-1993) anadan olub.
23 oktyabr 1920 - İtalyan uşaq yazarı Canni Rodari (Gianni Rodari, 1920-1980) anadan olub. “Çippolinonun sərgüzəştləri” əsəri ilə məşhurlaşıb.
24 oktyabr 1882 - Macar bəstəkarı İmre Kalman (Imre Kalman, 1882-1953) anadan olub. “Silva”, “Sirk şahzadəsi”, “Monmartrın bənövşəsi” operettalarının müəllifidir.
24 oktyabr 1911 - Məşhur rus aktyoru, rejissor, SSRİ Xalq artisti Arkadi İsaakoviç Raykin (1911-1987) anadan olub. Miniatür estrada teatrının yaradıcısıdır.
24 oktyabr 1945 - Birləşmiş Millətlər Təşkilatının yarandığı gündür.
24 oktyabr 1947 - Amerika aktyoru Kevin Klayn anadan olub. Filmləri: “Fransız öpüşü”, “Vanda adlı balıq” (“Oskar”, 1988), “Çaplin” və s.
Hazırladı: Vüqar Orxan