Oktyabrın 20-də paytaxtımızda ənənəvi Beynəlxalq caz festivalı başlanıb. Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı ilə keçirilən festival oktyabrın 28-dək davam edəcək.
Bu müddətdə caz musiqisi həvəskarları Fransa, ABŞ, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Meksika və Polşanın, eləcə də Azərbaycanın tanınmış ifaçı və qruplarının çıxışlarını dinləyə biləcəklər.
Festivalın proqramına caz sənətinə dair ustad dərsləri, seminarlar və film nümayişləri də daxildir. Festival çərçivəsində oktyabrın 20-də “Landmark”da iki rəsm sərgisi açılıb.
İştirakçılar əvvəlcə İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət şöbəsi şagirdlərinin əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə şagirdlərin 60-dan çox yağlı boya, qarışıq texnika, akvarel və batika janrlarında çəkdikləri rəsmlər nümayiş olunur.
Rəsmlərdə əsasən caz janrının görünən və görünməyən tərəfləri, məşhur cazmenlərin portretləri yer alıb. Şagirdlər bu əsərlərdə öz bacarıqları və yaradıcı təxəyyülləri ilə cazın müasir dünyamızda necə sevildiyini və bir musiqi janrı kimi gənclərin marağına səbəb olduğunu göstərməyə çalışıblar.
Növbəti sərgidə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsi Fidan Zeynallının əl işləri nümayiş olunur. O, bildirib ki, bir aydan çox üzərində işlədiyi 20 rəsm əsərində Azərbaycan və dünya cazının xüsusiyyətlərini, bu musiqi janrının bənzərsiz simalarının obrazlarını yaratmağa çalışıb. Sulu boya ilə işlədiyi bu rəsmlərin sifarişini isə festivalın təşkilatçılarından alıb.
İştirakçıların maraqla qarşıladığı hər iki sərgi festivalın son gününədək davam edəcək.
Caz festivalının gündəlik tədbirləri barədə ətraflı məlumatı saytından almaq olar.