Teatr sənətimizin inkişafında fırça ustalarımızın da əməyi çox olub. Teatr-dekorasiya sənətinin təşəkkülü və inkişafında mühüm xidmətləri olan sənətkarlardan biri Xalq rəssamı Bədurə Əfqanlıdır. O həm də ilk qadın teatr rəssamı kimi mədəniyyət tariximizə düşüb. Bakı Rəssamlıq Məktəbində milli rəssamların yeni nəslinin yetişməsində böyük səy göstərən Bədurə Əfqanlının anadan olmasının 105 ili tamam olur.
   Bədurə Məlik qızı Ağamalova (Əfqanlı) 25 oktyabr 1912-ci ildə Bakıda dünyaya göz açıb. Geniş dünyagörüşü olan atası övladlarına ədəbiyyatdan, incəsənətdən danışar və onlarda bu sahələrə maraq oyadarmış. Təsadüfi deyil ki, sonralar böyük qızı Səyyarə memar-heykəltəraş, kiçik qızı Bədurə isə rəssam olub.
   Bədurənin orta məktəb illərində çəkdiyi rəsmlər müəlliminin diqqətini cəlb edir, onu sənətə daha da ruhlandırır. O, 1929-cu ildə Bakı Pedaqoji Texnikumuna daxil olsa da, sənət həvəsi iki il sonra onu Rəssamlıq Məktəbinə gətirir. Qrafika şöbəsində təhsil alan Bədurə teatr rəssamı olmaq qərarına gəlir. Uilyam Şekspirin “Otello” faciəsi diplom işinin mövzusu olur. Çəkdiyi eskizlər, qurduğu kompozisiyalar, tapdığı yeni rəng çalarları onun özünəməxsus sənət duyumundan xəbər verirdi.
   İlk tərtibat verdiyi səhnə əsəri isə görkəmli teatr və kino aktyoru Rza Əfqanlının quruluşunda “Qaçaq Kərəm” tamaşası olur. Onlar uzun illər birgə çalışır, bir çox tamaşalara uğurlu səhnə həyatı verirlər. Sənət həm də onların həyatını birləşdirir. Birgə hazırladıqları tamaşalardan “Şeyx Sənan” (H.Cavid) faciəsini, “Aşıq Qərib” operasını (Z.Hacıbəyov), “1905-ci ildə”, “Sevil” (C.Cabbarlı) və s. qeyd etmək olar. Onu da bildirək ki, hər iki sənətkar bir müddət Türkmənistanda, Aşqabad Dram Teatrında çalışıblar.
   Bədurə Əfqanlı 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət alır. 1960-cı ilədək bu kollektivdə tərtibatçı və geyim üzrə rəssam olaraq çalışır. Həmçinin Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşalarına geyim eskizləri çəkir. Mənbələrdə qeyd olunur ki, o, bədii tərtibat verdiyi əsərləri diqqətlə oxuyar, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini, geyim tərzini dəqiqliklə araşdırardı. Buna görə də onun verdiyi tərtibat sadəliyi, ciddiliyi və əsərin mövzusu ilə həmahəng olması ilə seçilirdi. Sənətkarın xüsusilə də Cəfər Cabbarlının pyeslərinə hazırladığı dekorasiyalar, eskizlər tamaşaların uğurlu alınmasında əhəmiyyətli rol oynayıb. 
   Müasirləri Bədurə Əfqanlının istedadı ilə yanaşı, əməksevərliyini, hər zaman axtarmaq həvəsini xüsusi qeyd edirlər. Rejissorlar, dramaturqlar onunla həvəslə işləyiblər. Çünki o, rənglər vasitəsilə tamaşaçıda xoş ovqat yaratmaq gücünə malik sənətkar idi.
   Bədurə Əfqanlı 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam işləyib. “Koroğlu”, “Leyli və Məcnun”, “Dəli Kür”, “Böyük dayaq”, “Dədə Qorqud”, “O qızı tapın”, “Qatır Məmməd” kimi ekran əsərlərinə geyim eskizləri çəkib.
   Onun rəngarəng yaradıcılığından danışarkən bəzi rəqs ansamblları, ifaçılar üçün hazırladığı geyimlərdən də söz açmaq yerinə düşərdi. Belə ki, Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi uzun illər Bədurə Əfqanlının məsləhət bildiyi geyimlər əsasında konsertlərə çıxıb. 
   Fırça ustasının yaradıcı çağdaşları ilə möhkəm dostluq əlaqələri olub. Sənətkarın qızı Xalidə xanım müsahibələrinin birində deyib: "Anam çox mehriban, qayğıkeş olub. Evimiz həmişə qonaqlı-qaralı olurdu. Gələnlərin çoxu da incəsənət adamları idi. Bizim evimizə “Rəssamlar İttifaqının filialı" deyirdilər”. 
   Görkəmli sənətkarın zəngin yaradıcılığı həmişə diqqət mərkəzində olub, dövlət tərəfindən yüksək qiymətləndirilib. 1974-cü ildə Xalq rəssamı fəxri adına layiq görülüb, “Şərəf nişanı” ordeni ilə təltif edilib. Onun yaradıcılığı bir çox teatr və kino rəssamları üçün örnək olub, çünki sənətkar özündən sonra gələcək nəsillər üçün zəngin bir irs qoyub. 
   Bədurə Əfqanlı 2002-ci il mayın 7-də dünyasını dəyişib. Onun yaradıcılıq örnəkləri ölkəmizlə yanaşı, A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) də qorunub saxlanılır.
   
   Savalan Fərəcov