Oktyabrın 19-da təsviri sənət həvəskarları Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Türkiyə və Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Rənglərin qardaşlığı” adlı sərginin açılışına toplaşmışdılar. Birgə sərginin ilk mərhələsi bu ilin 28 may - 2 iyun tarixlərində İzmir şəhərində baş tutmuşdu. O zaman Azərbaycan rəssamlarının bir qrupu Türkiyəyə getmişdilər. Bu dəfə isə rəssamlar Bakıda görüşürdülər.
Sərginin təşkilatçıları Türkiyənin ölkəmizdəki səfirliyi, səfirliyin mədəniyyət və tanıtım müşavirliyi, Bakı Yunus Əmrə İnstitutu, İzmir Balçova Bələdiyyəsi və Azərbaycan Rəssamlar İttifaqı idi. Hər iki sərginin kuratoru isə rəssam Günay Mehdizadədir.
Tədbirdə çıxış edən Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım layihənin yaranma ideyasından, məqsədindən danışdı, bu sərginin iki qardaş ölkənin ümumi incəsənətinə xidmət etdiyini söylədi.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev belə sərgilərin ümumtürk mədəniyyətinə xidmət etdiyini və tamaşaçılarda böyük təəssürat yaratdığını vurğuladı.
İzmir Balçova Bələdiyyəsi Mədəniyyət idarəsinin müdiri Toğrul Kəskin sərginin birinci mərhələsinin uğurla gerçəkləşməsindən, orada 18 rəssamın bir araya gəlməsindən danışdı, iştirakçılara uğurlar dilədi.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov iştirakçıları təbrik etdi, belə layihələrin ardıcıl olmasını istədi.
Milli Məclisin deputatı İlham Məmmədov da qardaşlığa və dostluğa xidmət edən bu tədbirin mədəni və siyasi önəmindən söz açdı.
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi mədəni əlaqələrin iki qardaş ölkə arasında ardıcıl davam etdiriləcəyini vurğuladı.
Tədbirin təşkilində əməyi keçənlər mükafatlandırıldıqdan sonra açılış oldu.
Sərgidə Günay Mehdizadənin “Heydər Əliyev”, “Atatürk”, Bədri Qarayağmurların “Şirvanşahlar sarayı”, “Gündoğdu meydanında fayton”, Suğra Bağırzadənin “Əbədiyyət”, Faden Suzan Kudsioğlunun “Ağac pərisi”, Adilə Əfəndinin “Bəhramgur”, Gündoğdu Uğraşın “Bakı sahili”, Azər İslamın “Mandarin bağında qız”, “Bayıl limanı”, Mahmut Durmuşun “Atəşgah”, Ələsgər Kazımovun “İzmir”, Hatice Reyhan Abacıoğlunun “Qobustan qayaları”, Elmar Ağamirzənin “Zeybək rəqsi oynayan efelər”, “Bakı mənzərəsi”, Rüfət Əsgərovun “İzmir saat qülləsi”, “Qız qalası”, Mehriban Mehdizadənin “Milli rəqs” və başqa əsərlər nümayiş olundu.
Sərgi üç gün davam etdi.
S.Qaliboğlu