Əsl soyadı Sofiya Villani Şikolone olan Sofi Loren 1934-cü il sentyabrın 20-də Romada doğulub. O, kinoya gəlməzdən öncə gözəllik müsabiqələrində iştirakı ilə şöhrət tapıb. 1945-1946-cı illərdə Neapol və Romada keçirilən müsabiqələrdə qaliblər sırasında yer alır. O vaxtadək heç kimin tanımadığı Sofi tezliklə məşhurlaşır. Bir qədər sonra tanınmış prodüser Karlo Ponti ilə tanış olur. Məhz onun təklifi ilə Sofiya Şikolone Sofi Lorenə çevrilir. Onlar ailə qururlar.
   Bu izdivacdan sonra Sofinin çəkildiyi ilk film "Çoçara" ona böyük şöhrət gətirir. Vittorio De Sikanın ekranlaşdırdığı film antifaşist ruhunda idi. Sofi bu filmə görə çoxlu mükafata, "Oskar"a layiq görülür.
   1956-cı ildə Sofi Loren Amerikaya gedir. Sofinin sənətini yüksək qiymətləndirən Amerika rejissorları onu böyük həvəslə filmlərə çəkirlər. Sofi Amerika kinorejissorları ilə 4 illik müqavilə imzalayır. 12 filmdə çəkiləcək Sofiyə 2 milyon dollar məbləğində qonorar vəd edilir.
   Sofinin Vittorio De Sika ilə əməkdaşlığını yüksək qiymətləndirən həyat yoldaşı Karlo Ponti rejissorla müqavilə imzalayır. Bu müqavilənin şərtinə əsasən, rejissor Sofinin iştirakı ilə ildə bir film çəkir. Bu filmlərdən “İtalyansayağı nikah”, “Dünən, bu gün, sabah ”, “Afrika dəniz altında “ və digər filmlər Sofi Loren yaradıcılığının zirvəsini təşkil edir.
   Ara-sıra uğursuzluqlara baxmayaraq, aktrisa heç vaxt sənətdə öz mövqeyini əldən verməyib. 1969-cu ildə Hollivud jurnalistlərinin 38 ölkədə keçirdiyi sorğuya əsasən, Sofi Loren ilin ən məşhur aktrisası kimi "Qızıl şar" mükafatına layiq görülür. Aktrisa artıq filmlərə çəkilməsə də, adı hər zaman dünya kinosunun ulduzları sırasında yer alır.
   
   Çingiz