Oktyabrın 24-də Kiyevdə turizm üzrə Azərbaycan-Ukrayna birgə komissiyasının iclası keçirilib. İclasda Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov, turizm şirkətləri və hotel rəhbərləri iştirak ediblər.
İclasda Azərbaycan və Ukraynanın müvafiq təşkilatları, turizm cəmiyyətləri arasında işgüzar əlaqələrin inkişafı, o cümlədən sərgilərdə, yarmarkalarda, konfranslarda, simpozium və seminarlarda, digər reklam-informasiya və elmi-praktik beynəlxalq turizm tədbirlərində iştirak məsələləri nəzərdən keçirilib.
Toplantıda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ölkəmizdə bu sahədə aparılan islahatlardan danışıb. Qeyd edib ki, turizmin inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycanda turizmin daha kompleks şəkildə, hərtərəfli inkişafı prioritet istiqamətlərdən biridir. Ölkəmizdə bunun üçün geniş imkanlar mövcuddur. Azərbaycanda tolerant mühit, iqtisadi inkişaf və müasirlik, qanunvericilik bazasının formalaşdırılması turizmin inkişafına təkan verir.
İki ölkə arasında əlaqələrdən danışan nazir müavini diqqətə çatdırıb ki, 2016-cı ildə Azərbaycana 54 mindən çox Ukrayna vətəndaşı səfər edib, lakin bu rəqəm mövcud potensialı əks etdirmir. Qarşılıqlı faydalı turizm mübadiləsinin daha da genişləndirilməsi üçün imkanlar var.
Ukraynanın iqtisadi inkişaf nazirinin müavini Titarçuk Mixail də çıxışında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu sahədə təcrübə mübadiləsi aparılmalı, kadrların yetişdirilməsi, hər iki ölkənin turizm potensialının tanıdılması üçün birgə layihələr həyata keçirilməlidir.
Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını təbliğ edən video təqdim edilib.
Sonda birgə komissiyanın birinci iclasının yekununa dair sənəd imzalanıb.