Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, şirkətlərin tərəfdaşlığı ilə reallaşan növbəti Bakı Beynəlxalq Caz Festivalının konsert proqramları davam edir.
Festival çərçivəsində oktyabrın 23-də “Landmark”da vokalçılar Təranə Mahmudova və Elbəy Məmmədzadənin konserti olub. Caz axşamında Təranə Mahmudovanı pianoda Elbəy Məmmədzadə, bass-gitarada Levan Deisadze və zərb alətlərində Zaza Tsertsvadze müşayiət ediblər. İfaçı milli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz əsərlərini də səsləndirib. Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
* * *
Oktyabrın 23-də “YARAT” Müasir İncəsənət Mərkəzində caz musiqisindən ibarət konsert olub.
Konsertdə Ukraynanın gənc caz ifaçıları çıxış ediblər. “Ukraynanın parlaq uşaqları” ictimai təşkilatı və Ukraynanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən konsertdə milli koloritli caz mahnıları ilə yanaşı, məşhur caz hitləri də ifa edilib. “Soul shadows”, “Blue skies”, “All about that bass”, “Tell me something”, “Respect” və digər caz kompozisiyaları tamaşaçıların ürəyincə olub.
Konsert çərçivəsində belaruslu Maşa Yermakova isə “Oops” mahnısını səsləndirib.
* * *
Festivalın daha bir konserti görkəmli caz ifaçısı, Xalq artisti Rafiq Babayevin (1936-1994) xatirəsinə həsr olunub. “Rotunda” caz klubunda keçirilən tədbirdə “Azəri Jazz” musiqi qrupu sənətsevərlərin görüşünə gəlib.
Konsertdən öncə Xalq artisti, kinorejissor Oqtay Mirqasımov və sənətkarın qızı Fərizə Babayeva çıxış ediblər.
Bildirilib ki, Rafiq Babayev Bakıda musiqiçi ailəsində dünyaya göz açıb. Caz musiqisinə böyük həvəsi, improvizasiya bacarığı, ailədən gələn musiqiçi istedadı onun sənət yolunu müəyyən edib. Təhsilini başa vurduqdan sonra özünün caz-instrumental qrupunu yaradan Rafiq Babayev SSRİ turnesinə çıxır, bir sıra caz festivallarında iştirak edir. 1965-ci ildə o öz caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış “Qaya” caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilib. İstedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, cizgi filmlərinə musiqi bəstələyib.
O, ayrı-ayrı vaxtlarda Mahnı Teatrının musiqi rəhbəri, estrada-simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışıb. Yaratdığı musiqi kollektivlərində gənc və istedadlı musiqiçilərin üzə çıxması üçün əlindən gələni əsirgəməyib.
Tədbir konsert proqramı ilə davam edib. Gecədə gənc ifaçılarla yanaşı, tanınmış cazmen Cavan Zeynallı da çıxış edib.
* * *
Oktyabrın 23-də “Rotunda” caz klubunda əvvəlcə Norveçli cazmen, saksofonçu Bendik Hofsethin kvarteti, sonra isə Polşadan Artur Dutkieviçin triosu konsert verib. Bakı Beynəlxalq Caz Festivalı oktyabrın 28-dək davam edəcək.