Xəbər verdiyimiz kimi, 14-22 oktyabr tarixində Rusiyanın Soçi şəhərində keçirilən Tələbə və Gənclərin XIX Dünya Festivalında Azərbaycan gəncləri də iştirak edib. Vətənə qayıdan gənclərimizdən üçü festival təəssüratlarını oxucularımızla bölüşürlər: 
      
   S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, teleaparıcı Oleq Əmirbəyov:
   - Festivalda çox maraqlı insanlarla tanış olduq və yəqin ki, tanışlığımızı davam etdirəcəyik. Mənim üçün festival ilk növbədə bu məqam ilə əlamətdar oldu. Krasnoyarsk şəhərində keçirilən regional proqramda iştirakım da yadımdan çıxmayacaq. Qonaqpərvər qəbul, dolğun proqram, nadir təbiət qoruqlarına səyahət mənə zövq verdi. Krasnoyarsk Diyarının mədəniyyət naziri Yelena Mironenko ilə görüşdüm. Şəhərdəki Gənc Tamaşaçılar Teatrında tamaşaya baxdım. Soçidəki festival isə öz miqyası ilə adamı heyran edirdi. Kinofilmlərin nümayişi, məşhur mədəniyyət, elm xadimləri, siyasətçilər ilə görüşlər, musiqi kollektivlərinin konsertləri... 
   Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Günündə nümayəndə heyətimiz əsas media mərkəzində bayram konserti ilə çıxış etdi. Çox şadam ki, mən də bu tədbirdə aparıcı kimi iştirak etdim. Festivalın devizlərindən biri «Bütün planetlə birlikdə» idi. Azərbaycan da bütün planet ilə birlikdə festivalda iştirak etdi, biz ömür boyu unudulmayacaq günlər yaşadıq. 
   
   Bakı Musiqi Akademiyasının magistri, "Baku Shamber Orchestra"nın solisti Ziba Rəcəbli: 
   - İndiyədək bir çox festivallarda olsam da, belə böyük miqyaslı festivalda ilk dəfədir ki, iştirak edirdim. Festival günlərində çeşidli duyğular yaşadım, amma onların hamısı müsbətdir. Fəxr edirəm ki, Azərbaycanın Dövlət Müstəqilliyi Gününü Soçidə hamılıqla qeyd etdik və bizim kollektiv həmin konsertdə çıxış etdi. Nicat Məsimov (balaban), İbrahim Babayev (tar) və mən (alt) muğam ilə klassik musiqinin sintezini təqdim etdik. Həmin konsertdə Mahir Tağızadə və Kənan Qədimov (vokal), "Səs Azərbaycan" layihəsinin ulduzları Nailə İsmatulina və Rolan Seyidov, Dj Fariz Rəcəbov, müğənni Rilaya, balet artisti Fərid Kazakov da çıxış etdi. 
   Qonaqlarımızın heyrətinə, konsertin anşlaq keçməsinə görə düşünürəm ki, biz ölkəmizi layiqincə təmsil edə bildik. Mən hər gün müxtəlif tədbir və diskussiyalarda iştirak edirdim, dünyadakı yaşıdlarımın nələri düşündüyünü, nələrdən xoşlandığını bilmək mənə maraqlı idi. 
   
   Gənc rejissor, Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunu Məzahir Haşımov: 
   - Azərbaycan Soçidə 180 nəfərlik heyətlə təmsil olunmuşdu. Festivalın proqramı çox zəngin idi. İstənilən iştirakçı əvvəlcədən qeydiyyatdan keçib seçdiyi proqrama qatıla bilərdi. Mən, kinematoqrafçı həmkarlarım Ayşad Səfərəliyev və Amil Məmiyev əsasən kino ilə bağlı proqramlarda iştirak etdik. Rusiyanın tanınmış kinorejissorları və prodüserləri, aktyorları ilə görüşlər bizi daha çox maraqlandırırdı. Fyodor Bondarçuk, Vladimir Menşov ilə görüşdük, kinofestivalların və müştərək istehsal olunmuş filmlərin çəkilməsi ilə əlaqədar müzakirələr apardıq. 
   Ölkəmizin stendi çox zəngin idi. Digər ölkələrdən olan iştirakçılar bizə yaxınlaşıb tanış olur, stendin qarşısında şəkil çəkdirirdilər. Oktyabrın 18-də Müstəqillik günümüzü qeyd etməyimizi bədnam qonşularımızın qısqanclıqla qarşıladığını aşkar hiss etdik. Biz ölkəmizi on minlərlə yaşıdımızın arasında təmsil etməkdən qürur duyduq. 
   
   G.Mirməmməd