Dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin 75 illiyi vətənində təntənəli şəkildə qeyd edildi
   
   Baharlı yurdum, Azərbaycan, 
   Çinarlı yurdum, Azərbaycan. 
   Sənsən eşqim, zəfərim, 
   Çağlayan Kür, Xəzərim, 
   Günəşli al səhərim, Azərbaycan!
   
   Xalq şairi Nəbi Xəzrinin misralarına yazdığı möhtəşəm musiqisi və təkrarsız ifası ilə vətəni Azərbaycanı tərənnüm edən, dünyaya tanıdan ölməz sənətkarın - dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin 75 illik yubileyi oktyabrın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində təntənəli konsert proqramı ilə qeyd olundu.
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən yubiley gecəsində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya iştirak edirdi.
   Əvvəlcə mərkəzin foyesində sənətkarın həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən fotosərgi ilə tanışlıq oldu. 
   Yubiley gecəsi Müslüm Maqomayevin ifasının yer aldığı videokadrların nümayişi ilə başladı. “Mən yenidən həyata gəlsəydim, yəqin ki, yenə də bu sənəti seçərdim. Çünki dünyada səni izləyən tamaşaçının gözündəki sevgini, sənə hakim kəsilən diqqəti görməkdən başqa böyük xoşbəxtlik yoxdur, məncə!” Sənətkarın öz dilindən zala yayılan bu kəlmələr tamaşaçıların alqış sədaları ilə tamamlandı və yenidən Müslümün sehrli səsinin ecazkar ahəngi salona yayıldı...
   Tədbirdə diqqətə çatdırıldı ki, Prezident İlham Əliyev görkəmli musiqiçinin 75 illik yubileyinin qeyd edilməsi ilə bağlı iyulun 31-də sərəncam imzalayıb. Yubiley tədbiri də həmin sərəncama əsasən təşkil edilib. 
   
   * * *
   Gecədə ilk olaraq Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Cüzeppe Verdinin "Taleyin gücü" operasından uvertüra səsləndirildi. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Rauf Abdullayev idi. 
   Daha sonra Müslüm Maqomayev adına beynəlxalq müsabiqələr laureatları, tanınmış müğənnilər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər. Sənətkara həsr edilən poeziya nümunələri səsləndi. 
   Tanınmış bəstəkar və müğənni Emin Ağalarovun çıxışı gecəyə xüsusi rəng qatdı. Müslüm Maqomayevi hələ 3 yaşından tanıdığını bildirən müğənni onu heç zaman unutmayacağını dedi. İfaçılıq estafetini məhz bu dahi müğənnidən aldığı üçün özünü xoşbəxt saydığını bildirdi: “Məni musiqiçi olmağa məhz Müslüm Maqomayev ruhlandırıb. Əbədilik qazanmaq hər müğənniyə nəsib olmur. Müslüm Maqomayev məhz əbədiyaşar sənətkarlardandır”. 
   Mərasim boyu Müslüm Maqomayevə həsr edilən filmlər, ifasında mahnıların yer aldığı kadrlar geniş ekrandan nümayiş olunurdu. Ulu öndər Heydər Əliyevin müğənninin yaradıcılığı haqqında dediyi fikirləri əks etdirən kadrlar maraqla qarşılandı. Sənətkar sanki virtual aləmdən öz tamaşaçıları ilə söhbət edir, həyatının mühüm hadisələri ilə bağlı təəssüratlarını bölüşürdü: “Əgər müğənni olmasaydım, yəqin ki, fantastik mövzuda yazan yazıçı, ya da astronom və kosmonavt olardım... Hər dəfə adını daşıdığım ulu babamı xatırlayanda qəribə hislər keçirirəm. Bir də uşaqlığımı xatırlayanda düşünürəm ki, görəsən, Bakının küçələrində ora-bura qaçan həmin oğlandan bu gün nələr qalıb... Hər şey taleyin qismətidir”. 
   Bəli, hər şey taleyin qismətidir. O, qismət ki, Müslümü bütün keçmiş SSRİ məkanında populyar edərək sevdirdi və əbədi olaraq ürəklərə yazdı. Sənəti və şəxsiyyəti ilə daim ucalarda oldu. 2008-ci il oktyabrın 25-də vəfat edən unudulmaz ifaçı bizim yaddaşımızda dünya şöhrətli müğənni, ən əsas isə vətənpərvər azərbaycanlı abidəsi ucaltdı.
   
   * * *
   Yubiley gecəsində iştirak edən mədəniyyət və incəsənət xadimləri böyük sənətkarın musiqi sənətinə töhfələri barədə fikirlərini bölüşdülər. 
   Xalq artistləri Fidan və Xuraman Qasımova bacıları bildirdilər ki, bu gün qeyri-adi bir gecə, bayram əhvallı bir gündür. Çünki harada Müslümün adı çəkilir, orada xoş təəssürat, gözəl fikirlər və sevgi var: “Yubiley tədbirində biz görkəmli sənətkarın adını daşıyan müsabiqənin iştirakçılarını dinləyə biləcəyik. Onların əksəriyyəti tələbələrimizdir. Müslüm Maqomayev sənəti, onun bariton səsi daim yaşayacaq. Onun səs rəngi bütün rənglərdən daha fərqli idi”. 
   Kinorejissor, Xalq artisti Eldar Quliyev bu yubileyin həm də Azərbaycan xalqı üçün böyük bir bayram olduğunu vurğuladı. Müslüm Maqomayev Azərbaycanda doğulub, burada boya-başa çatıb: “Biz hamımız onunla fəxr etmişik. Bu gün də fəxr edirik ki, onun vətəninin sakinləriyik. Zaman ötsə də, Müslümün səsi əbədi olaraq yaşayacaq. Bu səs Azərbaycanı, vətəninin sənətini bütün dünyaya tanıdacaq”.
   
   Lalə Azəri