Sənədli film ilk mükafatını qazanıb
   
   Sentyabrın 27-30-da Rusiyanın Lipetsk şəhərində keçirilən VIII Beynəlxalq İdman Filmləri Festivalında 27 ölkədən 100-dən artıq film sırasında azərbaycanlı rejissor Arzu Urşanın “Yerə dəyən top göylərə qalxar” adlı sənədli filmi də nümayiş etdirilib. Serbiya, Rusiya, Bolqarıstan, Belarus və Azərbaycan nümayəndələri ilə təmsil olunmuş beynəlxalq münsiflər heyəti qalibləri bir neçə nominasiya üzrə müəyyən ediblər.
   “Olimpiya ideallarına sədaqət” nominasiyasında Azərbaycan filmi qalib elan olunub. Gənc rejissor Arzu Urşan “Yerə dəyən top göylərə qalxar” filmi üzərində işini festival ərəfəsində başa çatdırıb. Film Azərbaycan futbolunun 100 illiyinə həsr olunub. Ekran əsərində ölkəmizdə futbolun inkişaf mərhələləri, qələbələr və məğlubiyyətlər, böyük futbolçular haqqında hekayələr əksini tapıb.
   “Salnamə” studiyasında çəkilən filmin ssenari müəllifləri Arzu Urşan və Aleksandr Balaşov, operatorları Yuri Yermolin və Nadir Mehdiyev, rəssamı Fikrət Ələkbərov, montajçısı Sergey Kolmıkov, fotoqrafı Elşən Əliyevdir.