26-29 oktyabr tarixində İtaliyanın Paestum şəhərində XX "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XX "La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) keçirilib.
Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən sərgiyə UNESCO, Dünya Turizm Təşkilatı və s. beynəlxalq qurumlar tərəfdaşlıq edir.
Hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyi də növbəti dəfə iştirak edib. Yarmarkaya nazirliyin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova və Regionlarla iş sektorunun məsləhətçisi Qasım Şirinli qatılıb.
Tədbirin rəsmi açılışında İtaliyanın mədəni irs, fəaliyyətlər və turizm naziri Dario Françeskini, Kapaççio Paestum şəhərinin meri İtalo Voza və Salerno vilayətinin prezidenti Cuzeppe Canfaro iştirak ediblər. Gün boyu davam edən sərgidə arxeologiya və turizm haqqında 20-dən çox konfrans və görüş keçirilib.
Yarmarkadakı Azərbaycan stendində qonaqlara ingilis və italyan dillərində müxtəlif reklam-çap, ölkəmizin mədəni və təbii irsinə, arxeoloji turizmə həsr olunmuş təbliğat materialları təqdim olunub.
Ölkəmizin stendini Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin direktoru Munir Buşenaki ziyarət ediblər.
Dörd gün müddətində yarmarkaya 20 mindən çox adam baş çəkib.