Küveytin “Ən-Nəhar” qəzetində Azərbaycanın turizm potensialına həsr olunmuş məqalə dərc edilib. Bu barədə Azərbaycan Konqreslər Bürosundan məlumat verilib.
Qəzet yazır ki, ölkəmizdə mövcud infrastruktur, əsrarəngiz təbiət, mülayim iqlim, iri ticarət mərkəzləri və ən əsası bir çox əmtəələrin qiymətlərinin ucuzluğu istirahət və alış-veriş edənləri cəlb edən əsas amillərdəndir. Yazıda o da diqqətə çatdırılıb ki, bu yay Şahdağ Turizm Mərkəzində 40 min turist istirahət edib ki, onların 68 faizi əcnəbilərdir. Bu ilin 8 ayı ərzində Azərbaycana 2 milyon 71 min xarici turist gəlib.
Yazıda Bakı Şopinq Festivalı ərzində təqdim olunan maraqlı təkliflər, o cümlədən tətbiq olunan “Tax-free” sistemi, turist paketləri barədə də məlumat verilir.