İran mədəniyyəti günləri çərçivəsində Muzey Mərkəzində İran filmləri nümayiş olunur. Oktyabrın 4-də İran kinematoqrafiyasının son işlərindən olan ”Ağlayan söyüd” və “Günəş diyarı” filmləri kinosevərlərə təqdim olundu.
   Filmlərin nümayişindən əvvəl Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək İran kinematoqrafiyasının tarixinə qısa ekskurs etdi. Dünya kino sənətində İran filmlərinin xüsusi yeri olduğunu qeyd etdi. İranda İslam inqilabından sonra da çox maraqlı filmlərin ekrana çıxdığını və Avropada böyük nüfuz qazandıqlarını xatırlatdı: «Bu gün dünyada elə bir film festivalı yoxdur ki, İran filmləri orada iştirak edib yer qazanmasın. Bu mənada İran kino sənəti hər cəhətdən daima inkişaf edir və tanınır».
   Daha sonra söz İranlı rejissor Həsən Nəcəfiyə verildi. Filmləri barədə iştirakçılara məlumat verən rejissor ekran əsərlərindən ikisini Azərbaycanda çəkdiyini dedi, İran kinematoqrafiyasının uğurlarından danışdı: «Ölkəmizdə ildə 200-ə yaxın bədii, 6-7 min isə qısametrajlı film çəkilir. Bu ekran əsərləri gələcək nəsillərə böyük mirasımızdır. Ona görə də filmlərin əksəriyyətində ən çox insanlığı, mənəviyyatı tərənnüm etməyə çalışırıq».
   Qeyd edək ki, bu gün İran kinosu həvəskarları Muzey Mərkəzində “8-ci səma” və “Həzrət Süleyman səltənəti” filmlərinə baxa biləcəklər.    

   Lalə Azəri