Oktyabrın 6-dan 10-dək Bakıda Avropa İttifaqı nümayəndəliyi (Aİ), Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanda təmsil olunmuş səfirlikləri, \"Park Cinema\" və \"Azercell Telekom\"-un birgə təşkilatçılığı ilə Avropa Kino Festivalı keçiriləcək. Qeyd edək ki, ənənəvi olaraq keçirilən Avropa Kino Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri qurmaq və inkişaf etdirmək sahəsində önəmli hesab edilən tədbirlərdəndir. Avropa İttifaqına daxil olan və Azərbaycanda təmsil olunan 12 dövlətdən (Avstriya, Belçika, Çex Respublikası, İtaliya, Latviya, Litva, Niderland, Polşa, Birləşmiş Krallıq, Yunanıstan və Fransanın birgə səyi ilə çəkilmiş film) 11 filmin nümayişi proqram üzrə nəzərdə tutulub.
   Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, festivala daxil olan filmlər müxtəlif kateqoriya üzrə seçilib, həmçinin sənədli və animasiya filmləri də proqrama daxildir. Auditoriyanın zövq müxtəlifliyi nəzərə alınıb. Həmçinin Birləşmiş Krallıqdan 3D film də var. Proqrama salınan bəzi filmlər orijinal dildə, lakin ingilis subtitrləri ilə nümayiş olunacaq. Nümayəndəlikdən verilən məlumata görə, proqrama daxil yeni filmlər yalnız bir həftəlik nümayiş üçün buraya gətirildiyinə görə Azərbaycan dilinə tərcüməsi və ya subtitrlə müşayiət edilməsi mümkün olmayıb. Lakin bəzi əvvəlki illərin istehsalı olan filmlər tərcümə edilib.
   Festivalın qonaqları fransız kinorejissor Olivier Horley, avstriyalı kinorejissor Maykl Qlavoqqer, polşalı kinorejissor Marek Leçki, almaniyalı sənədli film rejissorları Stefan Kolbe və Kris Vrayt, litvalı kinorejissor İnesa Kurklietite və yunanıstanlı aktyor Gennadios Patsisdir. Filmlərə baxışdan sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək imkanı veriləcək.
   Qeyd edək ki, bütün filmlərə giriş pulsuzdur. Pulsuz əldə ediləcək biletləri oktyabrın 3-dən \"Park Bulvar\"-da yerləşən \"Park Cinema”dan əldə etmək olar.

   R.İsayeva