Son illər ölkəmizə gələn xarici turistlərin, özəlliklə müsəlman ölkələrindən gələnlərin sayında ciddi artım müşahidə olunur. Bu baxımdan bir sıra müsəlman ölkələrində tətbiq olunan “halal turizm” anlayışı Azərbaycanda da gündəmə gəlib. Turizm sənayesində bu anlayış yeni termin sayılır. 
   “Halal turizm” İslam inancına, şəriət qaydalarına zidd olmayan şəkildə tətil keçirmək istəyənlər üçün nəzərdə tutulan spesifik xidmətləri əhatə edir. “Halal turizm” adı ilə fəaliyyət göstərən turizm obyektlərində bütün xidmətlər İslam dininin tələblərinə uyğun şəkildə qurulur. Belə istirahət mərkəzlərində ilk növbədə məscid olur. Qadınların istirahət etdiyi ərazi ilə kişilərin istirahət məkanları ayrı, yeməklər isə müvafiq qaydalara uyğun hazırlanır. Obyektlərdə spirtli içki, İslam dininin qəbul etmədiyi yeməklər olmur. 
   Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov deyir ki, “halal turizm” bu gün müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə var və əhatə dairəsi genişlənməkdədir: “Belə hotellərdə və tətil müəssisələrində qadınlar və kişilər üçün ayrı hovuz və çimərliklər olur. “Halal turizm”i müsəlmanların İslam qaydalarına riayət olunaraq istirahətlərini planlaması kimi başa düşmək olar. Hazırda turizmin bu sahəsi Malayziya, Bəhreyn, Misir və Türkiyədə inkişaf etməkdədir. Türkiyədə ilk belə hotel 1995-ci ildə istifadəyə verilib. “Halal turizm”in inkişafı üçün müvafiq hotellərin olması zəruridir. Belə istirahət məkanlarında, məsələn, Ramazan ayında müştərilərin iftardan sonra dənizdən istifadə etmələri üçün çimərliklər işıqlandırılır, əyləncə proqramları da İslam qaydalarına uyğunlaşdırılır”.
   Rəhman Səfərov bildirir ki, dünyada İslam ölkələrinin iqtisadi gücünün artması ilə turizm sektorunda müsəlmanlara yönələn xüsusi bir bazarın yaranması təsadüfi sayılmamalıdır. Statistik məlumatlara görə, dünya turizm bazarının illik gəlirləri 8,3 % böyüdüyü halda “halal turizm” bazarı ortalama 4,8 % böyüməkdədir. “Halal turizm” bazarı 2015-ci ildən etibarən 108 milyon turist təşkil edib. 2020-ci ildə isə bunun 180 milyona yüksələcəyi proqnozlaşdırılır: “Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycanda “halal turizm” hoteli olmasa da, dindar müştərilərə fərdi qaydada yanaşılır. Elə müştərilər var ki, onlar spirtli içki, donuz əti və digər İslam adətlərinə uyğun olmayan xidmətləri istəmir. Bu zaman mətbəxə və başqa müvafiq bölmələrə xəbər verilir ki, bunlar nəzərə alınsın. Xüsusilə spirtli içkilər yığışdırılır. Amma tamamilə “halal” hotel kimi xidmət göstərilmir. Hazırda ölkəmizdə bu turizm növünə tələb var. Bu sahəni inkişaf etdirmək üçün maarifləndirmə, təbliğat işi aparılmalı, müvafiq hotellərdə işləmək üçün mütəxəssislər hazırlanmalıdır. Bu sahə üzrə ixtisaslaşan turizm şirkətləri fəaliyyət göstərməlidir. Bu, müsəlman ölkələrindən gələn turist sayının artmasına səbəb olar. Bir çox ərəb ölkələri ilə sadələşdirilmiş viza sisteminin tətbiqi bu sahədə əvəzsiz rola malikdir”.
   Qeyd edək ki, artıq Türkiyədə booking.com uçuş, hotel bron sisteminin “halal turizm”ə uyğunlaşdırılmış halalbooking.com saytı istifadəyə verilib.
   Həmçinin, bu yaxınlarda istifadəyə verilən halaltourism.com adlı yeni portal dünya üzrə “halal” hotelləri, restoranları, əyləncə mərkəzləri və s. özündə birləşdirir.
   Dünyada “dini turizm” deyilən bir başqa turizm növü də var ki, bu, “halal turizm”dən tamamilə fərqlidir. Dini turizmdə ildə bir və ya bir neçə dəfə müqəddəs məkanları, dini ocaqları ziyarət məqsədilə səfərlər nəzərdə tutulur. 
   
   F.Hüseynov