Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin böyük zalında görkəmli dirijor və bəstəkar Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov) anadan olmasının 105-ci ildönümünə həsr edilmiş bədii-musiqili gecə keçirilib.
Musiqi nəzəriyyəsi şöbəsinin müəllimi Pərvin Səfərlinin təşkilatçı və aparıcı olduğu “Niyazi ömrü” adlı tədbirdə sənətkarın həyat və yaradıcılığından bəhs edilib. Vurğulanıb ki, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi olan maestro Niyazi Azərbaycan milli dirijorluq məktəbinin əsasını qoyub, Azərbaycan musiqisini yüksək səviyyədə dünyaya tanıdıb.
Tədbirdə Niyazinin uşaqlıq və təhsil illəri, bəstəkarlıq və dirijorluq fəaliyyəti, qastrol səfərləri, əsərləri, quruluş verdiyi opera və baletlər, ömür-gün yoldaşı Həcər xanım haqqında söhbət açılıb. Müxtəlif videomateriallar göstərilib, musiqi nömrələri səslənib.
Məktəbin 10-cu sinif şagirdi Zərrin Əliyeva (Hökümə Əliyevanın sinfi) skripkada Niyazinin “Rast” simfonik muğamından parça ifa edib. “Arzu” romansı 5-ci sinif şagirdi Rəhimə Məmmədzadənin (Humay Sultanbəylinin sinfi) ifasında səslənib. “Möcüzə” adlı fortepiano pyesinin sədaları altında Niyazinin Həcər xanıma yazdığı məktubundan bir parça oxunub. Maestro haqqında çəkilmiş sənədli filmlərdən fraqmentlər təqdim olunub.