Kinoseans
   
   Körpəmiz ağlayarkən nədir bizi ona çəkən, içimizi dolduran şəfqət hissi? Körpələrin sanki «məni tək qoyma» deyə çağırışlarına dözə bilməmək? Nədir bu qadın narahatlığı? 
   Dünyayla yeni insanın arasına niyə Tanrı qadını-ananı saldı? Almanı yeyərək cənnətdən çıxan, bizi dünyaya gətirən Həvvadanmı başladı hər şey? Axı dünyanı o tərcih etmişdi, demək dünyaya bələdçilik etmək də onun borcudu...
   Nədir bu ana bağlılığı? Bioloji bağdan başqa nələr var bu məhəbbətdə?
   Cavablar tapmağa tələsməyək. Bu böyük dünyanın cənginə birdən necə buraxmaq olardı ki, zavallı körpələri? Mütləq uşaqların qorxusu böyüklərin qorxusuna qarışmalıydı. Bu qorxular böyüyüb bir varlıq olmalıydı. Bu varlıqların hər biri də heç olmasa bir dəfə səssizcə çığırmalıdı: «Qorxuram, ana!»
   Absurd cərəyanının qəhrəmanları da bunu deyir. Onlar heç cür böyüyə bilməyən uşaqlardırlar. Bu dünyanın təhlükəli yadlığı hissindən yaxa qurtara bilməyiblər - demək «pis» anaları olub.
   Bu «pis» anaların uşaqlarısa yalnızca absurd qəhrəmanı olmurlar, onların arasından qəddar nasistlər də çıxa bilir. Bu disbalans, bu sevgi çatışmazlığı dağıdıcı bir qüvvəyə çevrilə bilir-özünə qarşı, adamlara qarşı, cəmiyyətə qarşı, hətta ananın özünə qarşı. Lukino Viskontinin «Tanrıların ölümü» filmindəki Martin kimi. Xatırlayırsınızsa, filmdə siyasət və baş verən ictimai hadisələr Essenbekler ailəsinə birbaşa təsir göstərir. Parçalanma, nifaq, şübhələnmə, düşmənçilik, şantaj... İş o yerə gəlib çatır ki, ailənin yeganə varisi, nasist Martin fon Essenbek anasını intihara zorlayır. Bu qədər qəddarlıq hardandır? Kameranın önündə balaca Martinin rəsm dəftərləri vərəqlənir. Şəkilaltı sözlər şəkilləri izah etmir: “Martin anası ilə”, “Martin təkcə”, «Martin anasını öpür», «Martin anasını öldürür»... məsələ aydınlaşır: böyük dünya qarşısında qorxu və tənhalıq hissi, anası ilə münasibətlərində sevgi çatışmazlığı, laqeydlik, bəlkə uşaq qəlbinin dərkedilməzliyi, ilk qadınına - anasına qarşılıqsız sevgi Martini anasını qətlə yetirməyə qədər sürükləyir...
   Türk rejissoru Reha Erdemin «Korkuyorum, anne!» filmi böyükdən kiçiyə hər kəsin ana uşağı olduğunu xatırladır.
   Filmin qəhrəmanı Əlinin 39 yaşı var, ancaq uşaqdır, yekə bir uşaq... Filmin əvvəlində bir avtomobil qəzası keçirir. Qəza nəticəsində yaddaşını itirir. Yaddaşı geriyə gəldiyində hər şeyi və hər kəsi xatırlayır. Bircə atasını xatırlamır. Nəyə görəsə atası ona əmi kimi görünür. Ata onu anasız böyüdüb, qayğısını çəkib, amma ana olmağı bacarmayıb. Məncə xırdalamağa ehtiyac yoxdur.
   Ata öz yerində, amma anasının - dünyada yeganə bələdçisinin yeri boşdur. Əli, anasız böyümüş həssas, kövrək bir uşaqdır.
   Bu filmdəki qadınların hamısı anadır. Hətta Əlinin sevgilisi, Umud adlı gənc qız da. Bu anaların ilk işi dünyaya - yad bir yerə gəlmiş körpələrin qorxularını çevirməkdir. Umud bunu bilir. Formul sadədir: böyüdükcə qorxuları bu cibindən alıb o birinə qoyursan. Ciblər qorxularla dolur, boşalır.
   Filmin ən aktiv qütbləri sevgi və qorxudur. Həkimin söylədiyi kimi, ətdən, sümükdən, yağdan, damardan, dişdən kəm kəsiri olmayan Əli bütün böyük və yöndəmsiz bədəni ilə - doxsan kiloluq uşaq bədəni ilə (necə düzgün aktyor seçimidir) sevgini simvolizə edir. Uşaqlara, heyvanlara, qadınlara, anasına və həyata sevgisini. Filmin sonlarında oğurluqda və yaddaş itməsini təqlid etməkdə ittiham edilən Əli qəzaya necə düşdüyünü xatırlayır; uşaqlığında anası ilə birgə oynadığı, şəkil çəkdirdiyi qırmızı topun eynisini bir ağacın budaqları arasında görür. Avtomobili saxlayıb ağaca dırmaşır və ağacdan yıxılıb zədələnir. Ona “analı dövrünü” xatırladan bir top ucbatından yaddaşını itirir, hər şeyi unudur. Amma sonra bu topun - uşaqlığının, ana sevgisinin nişanəsi olan bu topun sayəsində təzədən yadına düşür hər şey. Baş verən bütün hadisələr qütblərin dəyişməsinə gətirir: qorxunu sevgiylə yenəcəyik. O yüngül temporitm, o oynaq musiqi bunun üçünmüş... Yekə bədənli uşaqlar qaya başında uçurum önündə qışqıracaqlarmış - “Korkuyorum, anne!” (final) və böyüklər sevgiylə gülümsəyəcəklərmiş...
  
   Aliyə