Avropada yaşayan məşhur pianoçu soydaşımız, Azərbaycanın Əməkdar artisti, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva noyabrın 3-də doğma şəhərində musiqili görüşlərdə iştirak etdi. 
   Əvvəlcə Adilə xanım Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində oldu. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova görüşə toplaşanları salamladı və qonağı təqdim etdi. 
   Sonra muzeyin şöbə müdiri Xanım Abdinova məşhur pianoçunun həyat və yaradıcılığı haqqında danışdı. Muzeydəki görüşdən məmnun qaldığını bildirən Adilə xanım F.Şopenin, F.Listin əsərlərini ifa etdi, tədbir iştirakçılarının suallarını cavablandırdı. Tədbirdə Adilə Əliyevanın dünyanın müxtəlif konsert salonlarında çıxışlarından parçalar, onun haqqında çəkilmiş sənədli filmdən kadrlar nümayiş etdirildi. 
   * * *
   Günün ikinci yarısında Adilə Əliyeva ADA Universitetinin qonağı oldu. Görüşdə akademiyanın tələbə və müəllim kontingenti ilə yanaşı, digər təhsil ocaqlarının təmsilçiləri də iştirak edirdi. 
   Universitetin əməkdaşı Şəfəq Mehrəliyevanın apardığı görüşdə işgüzar dilin ingilis dili olması və görkəmli pianoçu soydaşımızın poliqlotluq (pianoçu soydaşımız 6 dildə sərbəst danışır) istedadı tədbirin daha canlı keçməsinə kömək etdi. 
   Adilə xanım həvəslə xatirələrini bölüşdü, təəssüratları, xaricdəki fəaliyyəti barədə danışdı. Xaricdəki bütün konsertlərdə Azərbaycan bəstəkarlarının fortepiano musiqisini ifa etdiyindən, ifaçılığın həm diaspor işi, həm də diplomatik missiya olduğundan söz açdı. Tədbirdə Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, Vaqif Mustafazadənin fortepiano musiqisi də səsləndi. 
   
   G.Mirməmməd