Azərbaycan
   
   7 noyabr 1906 - Aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1906-1993) anadan olub. “Ögey ana” , “Arşın mal alan” (1965), “Dağlarda döyüş” filmlərinin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” və s. filmlərdə çəkilib.
   7 noyabr 1908 - Şair, alim, pedaqoq Maqsud Məsim oğlu Şeyxzadə (1908 - 19.2.1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb. Özbəkistanın məşhur ədibi olub, özbək dilində əsərlər, ssenarilər yazıb, tərcümələr edib. 
   7 noyabr 1917 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (1917 - 4.10.2000) anadan olub. Azərbaycan estrada musiqisinin yaradıcılarından biri, çoxsaylı mahnıların müəllifidir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Bəstəkarlar İttifaqının sədri olub. 
   7 noyabr 1917 - Türkoloq alim, professor İren İsgəndər bəy qızı Məlikova (Melikoff; 1917 - 9.1.2009) Peterburqda anadan olub. 1919-cu ildə ailəsi Fransaya köçüb. İren Melikoff azərbaycanlı diasporunun tanınmış simalarından olub. 
   7 noyabr 1917 - Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev (1917-1993) Bakıda anadan olub. "Qara Qarayev", "Səttar Bəhlulzadə", “Koroğlu”, “Babək” tablolarının müəllifidir. 
   7 noyabr 1920 - Azərbaycan radiosunun ilk diktorlarından biri, Xalq artisti Fatma Ağacabbar qızı Cabbarova (1920-2008) anadan olub. 
   7 noyabr 1925 - Əməkdar incəsənət xadimi, teatr rəssamı Əyyub Səfər oğlu Fətəliyev (1925 - 21.4.2000) İrəvanda anadan olub.
   7 noyabr 1934 - Xalq artisti, tanınmış müğənni Oqtay Ağayev (1934 - 14.11.2006) Bakıda anadan olub. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin solisti olub. 
   7 noyabr 1945 - Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində anadan olub. Teatrda, teletamaşalarda (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”), filmlərdə ("Dantenin yubileyi", “Təhminə”, “Yuxu” və s.) maraqlı obrazlar yaradıb.
   7 noyabr 1940 - Xalq artisti, xanəndə Baba Mahmudoğlu (Mirzəyev; 1940 - 6.12.2006) Qazax rayonunda doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm" və s.) əsas partiyaları ifa edib.
   
   8 noyabr 1923 - Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1923 - 23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.
   8 noyabr 1930 - Bəstəkar Əfsər Bayram oğlu Cavanşirov (1930-2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. AzTV-nin «Bənövşə» uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olub. Simfoniyalar, uşaq xoru üçün əsərlərin müəllifidir.
   8 noyabr 1944 - Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.
   
   9 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı qəbul edilib. Azərbaycan sovetləşəndən sonra qırmızı sovet bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli bayraq yenidən Azərbaycan Respublikasının dövlət rəmzi elan edilib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.
   9 noyabr 1926 - Xalq rəssamı Davud Mehdi oğlu Kazımov (1926 - 14.2.2015) Bakıda doğulub. Əsərləri Milli İncəsənət, Milli Azərbaycan Ədəbiyyatı muzeylərində nümayiş etdirilir. Rəssamlıq Akademiyasının professoru olub.
   9 noyabr 1954 - Bəstəkar, Xalq artisti, professor Siyavuş Əşrəf oğlu Kərimi Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosu estrada simfonik orkestrinin bədii rəhbəri olub. Azərbaycan Milli Konservatoriyasının rektorudur. “Sarı gəlin”, “Girov” və s. filmlərə, tamaşalara musiqi yazıb.
   
   11 noyabr 1907 - Şair, dramaturq Mirmehdi Həsən oğlu Seyidzadə (1907 - 31.8.1976) Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində doğulub. 1920-ci ildə ailəsi Bakıya köçüb. Uşaqlar üçün şeirlər, mənzum nağıllar, kiçik pyeslər yazıb. Rus ədiblərinin əsərlərini dilimizə tərcümə edib.
   11 noyabr 1921 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 - 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçüb, milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb, ADU-nun Filologiya fakültəsini bitirib, ədəbi yaradıcılığını davam etdirib.
   11 noyabr 1934 - Xalq artisti, görkəmli xanəndə, pedaqoq İslam Tapdıq oğlu Rzayev (1934 - 28.1.2008) anadan olub. 20 ilə yaxın Muğam Teatrının bədii rəhbəri olub, gənc ifaçılar yetişdirib.
   
   Dünya
   
   7 noyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957) Alber Kamyu (Albert Camus, 1913 - 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.

   8 noyabr 1837 - Gürcü yazıçısı, publisist, şair İlya Çavçavadze (1837 - 12.9.1907) anadan olub. “Erməni alimləri və fəryad edən daşlar” əsərində ermənilərin qonşu xalqların tarixi irsinə qarşı saxtakarlıq əməllərini ifşa edib. 
   8 noyabr 1935 - Fransız aktyoru Alen Delon (Alain Fabien Maurice Marcel Delon) anadan olub. Filmləri: “Macəra axtaranlar”, “Polis əhvalatı”, “Zorro”, “Kazanovanın qayıtması”, “Tehran-43” və s.
   
   9 noyabr 1818 - Rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 - 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan ocağı”, “Rudin”, “Asya”, “Ovçunun qeydləri” (hekayələr toplusu).
   9 noyabr 1832 - Fransız yazıçısı, detektiv janrın banilərindən biri Emil Qabrio (Emile Gaboriau; 1832-1873) anadan olub.
   
   10 noyabr 1759 - Alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi İohann Fridrix Şiller (Johann Christoph Friedrich von Schiller, 1759 - 9.5.1805) anadan olub. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Orleanlı qız” və s.
   10 noyabr 1928 - İtalyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone) anadan olub. 400-dən çox filmə musiqi yazıb, fəxri “Oskar” mükafatına (2007) layiq görülüb.
   
   11 noyabr 1821 - Rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (1821 - 9.2.1881) anadan olub. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının, povest və hekayələrin müəllifidir.
   11 noyabr 1944 - Türk aktyoru Kamal Sunal (1944 - 3.7.2000) anadan olub. 100-ə yaxın filmdə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan