Yeni kitab
“Kinonu heç nə əvəz edə bilməz. İncəsənətin yeni nə kimi növləri meydana gəlsə də, kinematoqraf öz əhəmiyyətini itirməyəcəkdir. Odur ki, bədii kino, bədii əsərlər televiziya ilə, digər üsullarla yaradılan, qalan bütün lentlərdən, şübhəsiz, qat-qat yüksəkdir. Sənədli kino xüsusi əhəmiyyətə malikdir”.
Bu yaxınlarda işıq üzü görən “Kino və televiziya ssenariləri” dərsliyi ulu öndər Heydər Əliyevin bu sözləri ilə açılır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi Şurasının 1 dekabr 2010-cu il tarixli qərarı ilə nəşr olunan dərsliyin müəllifi universitetin Sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Xanoğlan, elmi redaktoru universitetin rektoru, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevdir.
“Gənclik” nəşriyyatında çapdan çıxan kitabda ssenari yaradıcılığına dair müəyyən biliklər toplusu öz əksini tapmış və öyrənənlərə yığcam şəkildə məlumat verilmişdir. Burada həm ssenarinin qayda-qanunları, həm də ssenari yazmağın üsulları şərh edilmişdir.
Müəllif kitabın əvvəlində “Kino və televiziya ssenariləri” bölməsində ssenarinin, fabulanın, ssenaridə süjetin, ssenaridə kompozisiyanın, ssenaridə ekspozisiyanın, proloq və epiloqun, televiziya ssenarisinin açıqlamasını vermiş, bunları tutarlı misallarla əsaslandırmışdır. Məsələn, burada deyilir ki, ədəbiyyatla kinonun qarşılıqlı əlaqəsi milli kinomuzun təşəkkül tapdığı illərdən səssiz kino dramaturgiyasının formalaşmasında mühüm rol oynamışdır. İ.Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin, Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının, M.F.Axundovun “Hacı Qara” komediyasının, C.Cabbarlının “ Sevil” və “Almaz” pyeslərinin ekranlaşdırılması bu sahədə görülmüş işlərin başlanğıcı oldu.
Filmin ssenarisində vacib şərtlərdən biri də üslub problemidir. Kino nəzəriyyəçisi B.Balaşın yazdığına görə, kinonun yaranması ilə incəsənətə yeni material, yeni məzmun və yeni biliklər gəlmişdir. Ən əsası da odur ki, kino həqiqəti özünə qədərki sənət növlərindən fərqli surətdə nümayiş etdirir, tamaşaçını daha da riqqətə gətirir, onu ekranda baş verənlərin iştirakçısına çevirir. Yalnız ona məxsus olan dəyişkən məsafələr, planların və detalların miqyas fərqi, rakurslar və montaj kimi spesifik ifadə vasitələri kinonun təsirini xeyli gücləndirir.
Dərslikdə eyni zamanda kino və televiziya filmlərinin ssenarilərindən nümunələr də verilmişdir. Burada yazıçılardan İlyas Əfəndiyevin “Tufandan sonra” və “Balıqçılar” kinonovellaları, Anarın “Bu - Cavaddır”, “ Nəsimi” sənədli, “Cavid ömrü” bədii ssenariləri, Elçinin “ Aman ovçu, vurma məni...” bədii filminin ssenarisi, Aqşin Babayevin «Dəvətnamə» televiziya tamaşasının ədəbi ssenarisi, Əli Əmirlinin «Qorxulu şəhər» və «Varlı qadın» tammetrajlı bədii filmlər üçün ssenarilərinin sinopsisləri, Orxan Fikrətoğlunun «Papaq Yusif» qısametrajlı filminin ssenarisi, «Köçərgi» ssenarisi çap olunmuşdur.
Bundan başqa, kitabda adları çəkilən yazıçıların tərcümeyi-halları da verilmişdir.
Elmi redaktor, filologiya elmləri doktoru, professor T.Əfəndiyev kitaba yazdığı giriş sözündə «Kino və televiziya ssenariləri» dərsliyinin əhəmiyyətindən bəhs edərək bildirir ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra ictimai fikrin formalaşması prosesində ekran sənətinin rolu da get-gedə artmağa başladı. Mədəniyyətimizin digər sahələri kimi ekran sənəti üçün peşəkar kadr hazırlığı məsələsi strateji məqsədlərdən birinə çevrildi. Mədəniyyət və incəsənətin üzvi sahəsi olan ekran sənəti üçün milli kadr hazırlığı məsələsində vacib şərtlərdən biri də dərsliklərin və dərs vəsaitlərinin nəşridir. Odur ki, ekran sənəti və ssenari yaradıcılığına dair çeşidli dərs vəsaitlərinin və dərsliklərinin hazırlanması çağımızda xüsusi aktuallıq kəsb edir.
Bu baxımdan dərsliyin mühüm cəhəti bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisasında yeni yazmağa başlayan ssenaristlər üçün qiymətli qaynaq rolunu oynamasıdır.
Dərslik milli kino sənətinin problemləri ilə məşğul olan universitet tələbələri və magistrantları üçün nəzərdə tutulmuşdur.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi