Xəbər verdiyimiz kimi, Aqil Abbasın “Dolu” romanı əsasında eyniadlı bədii film ekranlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınan filmin natura çəkilişləri artıq başa çatıb. Bir neçə gündür ki, “Azərbaycanfilm” kinostudiyasının həyətində filmin bir sıra səhnələri çəkilir. Əsgərlərin, hərbi maşınların toplandığı məkanda filmin rejissoru Elxan Cəfərovla görüşüb çəkilişlərin nə zaman bitəcəyini öyrəndik: “Üç aydır ki, çəkilişlər davam edir və artıq işləri yekunlaşdırırıq. Çəkilişlərin əsas hissəsi İsmayıllı rayonunda aparılıb. Həmçinin Ağdam rayonunun ərazilərində filmin final kadrları çəkilib. Hazırda “Azərbaycanfilm” kinostudiyası binasının qarşısında filmin əsas səhnələrindən biri - Ağdam şəhərində hərbi qərargahın önündə baş verən hadisələr lentə alınır. Bir neçə günə çəkilişlər başa çatacaq”.
Qeyd edək ki, Sumqayıtda, daxili qoşunların təlim poliqonunda da çəkilişlər aparılacaq. Poliqonda filmin son döyüş səhnəsi lentə alınacaq.
Reyhan İsayeva