Azərbaycan kulinarları daha bir beynəlxalq yarışmada uğurla iştirak ediblər. Noyabrın 8-də Azərbaycan Milli Kulinariya Mərkəzinin Makedoniyada keçirilən Beynəlxalq kulinariya çempionatında iştirakına həsr olunmuş mətbuat konfransında bu barədə ətraflı məlumat verildi.
   Mərkəzin prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov bildirdi ki, Strumica şəhərində keçirilən mətbəx yarışmasında ölkəmizi 8 kulinar təmsil edib. Bu yarışmada da kulinarlarımız milli mətbəx nümunələrimizi tanıtmaqla yanaşı, vətənə medallarla dönüblər. 
   Tahir Əmiraslanov qeyd etdi ki, 24 ölkənin qatıldığı çempionatda fərdi və komanda yarışlarında Azərbaycan kulinarları 3 qızıl, 3 gümüş medal və 2 kubok qazanıb.
   Vurğulandı ki, Makedoniyanın Baş naziri Zoran Zaev aşpazların mükafatlandırılması mərasimində iştirak edib. Azərbaycan nümayəndə heyəti tərəfindən Zoran Zaevə “Azerbaijan Culinary” kitabı hədiyyə edilib.
   Qeyd edək ki, Tahir Əmiraslanov yarışmanın beynəlxalq münsiflər heyətində təmsil olunub.
   
   Fariz Hüseynov