Noyabrın 12-də Londonun “SSE Wembley Arena”sında “MTV Europe Music Awards - 2017” mükafatının təqdimat mərasimi keçirilib. 
   Gecənin ulduzu kanadalı pop-ifaçı Şon Mendes olub. Müğənni «Ən yaxşı mahnı» və «Ən yaxşı artist» nominasiyalarında mükafatlara layiq görülüb.
   Ən yaxşı hip-hop ifaçı nominasiyasında Eminem qalib gəlib. «Son bir neçə il ərzində albomlarım olmadığı üçün mən qalib gələcəyimə əmin deyildim», - deyən ifaçı bildirib ki, tezliklə onun yeni diski çıxacaq. 
   «Qlobal ikona» adına U2 qrupu layiq görülüb. «Ən yaxşı alternativ» nominasiyasında “Thirty Seconds To Mars” rok qrupu fərqlənib.
   MTV mükafatının qalibləri siyahısında ifaçı Kamila Kabelo (ən yaxşı pop-kompozisiya), reper Kendrik Lamar (ən yaxşı musiqili video), DJ Devid Qetta (ən yaxşı elektron rəqs layihəsi), “Coldplay” qrupu (ən yaxşı rok qrupu) da yer alıb.
   Mükafata ən çox - 6 nominasiya üzrə təqdim olunan Teylor Svift isə heç bir nominasiyada qalib gəlməyib. 
   Qeyd edək ki, “MTV Europe Music Awards” (MTV Avropa Musiqi Mükafatları) - MTV Europe telekanalı tərəfindən 1994-cü ildə təsis edilib və ən nüfuzlu musiqi mükafatlarından biri sayılır. Mərasim hər il Avropanın ən böyük şəhərlərindən birində keçirilir.
    
   İlona