2017-ci il dekabrın 27-də görkəmli pianoçu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 yaşı tamam olur. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda və Moskvada təntənəli yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında professor Fərhad Şəmsi oğlu Bədəlbəylinin layiqli yeri var. O, milli ifaçılıq məktəbini zənginləşdirən, ənənələrini davam etdirən dəyərli sənətçilərdən biridir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları Fərhad Bədəlbəylini geniş dinləyici kütləsinə tanıdıb və sevdirib. Görkəmli pianoçu milli mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində - Almaniya, Fransa, İspaniya, Avstriya, Rusiya, ABŞ, Türkiyə, Hindistan, Çin, İsveçrə, Norveç, Misir, Yunanıstan, Suriya, Portuqaliya, İsrail, Kanada, Gürcüstan və Ukraynada təqdim etməklə musiqimizin təbliğində mühüm xidmətlər göstərib.
24 noyabr tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fərhad Bədəlbəylinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor - Fuad İbrahimov, solistlər - Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə) çıxış edəcək.
Dekabrın 13-də Moskvada, P.İ.Çaykovski adına konsert salonunda Fərhad Bədəlbəylinin iştirakı ilə yubiley konserti olacaq. Moskva Dövlət Filarmoniyasının Akademik simfonik orkestri konsertdə azərbaycanlı dirijorların - Xalq artisti Yalçın Adıgözəlov, əməkdar artistlər Fuad İbrahimov və Əyyub Quliyevin idarəsi ilə çıxış edəcək.